Apr 13 2021 12:03
Elshad Aliyev
Views: 128

Türkiyənin Dənizli vilayətinin Çameli rayonunda yerləşən orta məktəbdə yeni yaradılan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan texniki kodlama və robotlaşdırma üzrə emalatxananın rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Qəhrəmanımızın adının bu təhsil müəssisəsində əbədiləşdirilməsi Çameli icra başçısı Kerem Yenigünün təşəbbüsü ilə baş tutub.

Bu münasibətlə məktəbdə keçirilən mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, Çameli icra başçısı Kerem Yenigün, bələdiyyə sədri Cengiz Arslan, rayonun təhsil şöbəsinin rəhbəri, məktəbin və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Kerem Yenigün Mübariz İbrahimovun tələbə olarkən şəhidlik zirvəsinə yüksəldiyini vurğulayıb. Qeyd edilib ki, həmin vaxtdan Mübariz İbrahimov onunla yanaşı, bütün tələbə yoldaşları üçün bir əlçatmaz ideala, ancaq nağıllarda görülə biləcək qəhrəmana çevrilib. Uzun illər Milli Qəhrəmanımızın adının məhz doğma şəhərlərində yaşatmaq üçün nə isə edə bilmək arzusu ilə yaşadığını deyən icra başçısı bu arzusuna çatdığı və gələcək nəsillərə bu cür qəhrəmanı tanıtmaq imkanı əldə etdiyi üçün çox xoşbəxt olduğunu bildirib.

Bu günlərdə Aprel döyüşlərinin ildönümünün qeyd edildiyini və bu mərasimin belə bir vaxtda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan səfir emalatxananın yaradılmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsi əsrlərdən gələn Azərbaycan-Türkiyə qardaşlığının gələcək nəsillərə çatdırılması baxımından çox vacibdir.

Tədbirdə Milli Qəhrəmanımızın doğulduğu Biləsuvar rayonu ilə Dənizli vilayətinin, eləcə də Mübariz İbrahimovun təhsil aldığı orta məktəblə Çamelidə yerləşən bu təhsil müəssisəsinin qardaşlaşması təklifi irəli sürülüb. Bundan əlavə mərasimdə səfirlik tərəfindən tədbirin təşkilində əməyi keçənlərə Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən xüsusi rəmzi tablolar və bu məktəbdə təhsil alan aztəminatlı ailələrin uşaqlarına tablet-kompüterlər hədiyyə edilib.

Məktəbin nəzdində Milli Qəhrəmanımızın adına yaradılan otaqda Mübariz İbrahimovun qəhrəmanlığından, Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən fotoşəkillər və divar rəsmləri yerləşdirilib.


Create Account



Log In Your Account