Feb 17 2020 15:23
Elshad Aliyev
Views: 115

Prezident İlham Əliyev bir daha dünya ictimaiyyətinə sübut etdi ki, Ermənistan tərəfi beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Artıq heç kimə sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfinin mövqeyi beynəlxalq hüquqa təhdiddir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrin nəticəsini şərh edən Türkiyənin Hacettepe Universitetinin beynəlxalq hüquq üzrə müəllimi, hüquq elmləri doktoru Bahadır Bumin Özarslan söyləyib.

Siyasət və hüququn ziddiyyətli fikirləri heç zaman qəbul etmədiyini vurğulayan B.Özarslan deyib: “Ermənistanın baş naziri iddia edir ki, guya Dağlıq Qarabağ Ermənistan ordusu tərəfindən deyil, bölgədəki erməni silahlı birləşmələri tərəfindən zəbt olunub. Elədirsə, o zaman uzun illərdən bəri Ermənistan rəhbərliyi bu müzakirələrdə niyə iştirak edib? Azərbaycan hələ çox-çox əvvəl bəyan etmişdi ki, Azərbaycan tərəfi Dağlıq Qarabağa ən yüksək muxtar idarəetmə statusu verməyə hazırdır. Əgər işğalçı Ermənistan tərəfi deyilsə, o zaman bir tərəfə çəkilsinlər Azərbaycan tərəfi öz vətəndaşı olan Dağlıq Qarabağ erməniləri ilə məsələni həll edib sülh şəraitində yaşasınlar. İkinci, əgər Ermənistan işğalçı deyilsə, onda nə üçün baş nazirin oğlu bu bölgədə hərbi xidmət keçir? Təkcə bu iki fakt Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal etdiyini təsdiq edir. Bu münaqişədən doğan bütün faciə və fəsadların, eləcə də hər an baş verə biləcək risklərin məsuliyyətini beynəlxalq hüquq qarşısında Ermənistan daşıyır”.

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını xatırladan hüquqşünas diqqətə çatdırıb ki, bu qərar Azərbaycanın Laçın rayonundan zorla qovulmuş altı Azərbaycan vətəndaşı tərəfindən 2005-ci il aprelin 6-da Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistan Respublikasına qarşı qaldırılmış iddia müraciətinə əsaslanır. Mahiyyət etibarilə, məhkəməyə iddia müraciəti irəli sürən şəxslər Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalının davam etdirilməsi ilə əlaqədar Laçın rayonunda öz evlərinə qayıtmaqdan məhrum edilib və beləliklə, onlar orada yerləşən mülkiyyətlərindən istifadə edə bilməyiblər. Ermənistan tərəfi unutmamalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin sözügedən qərarı mənəvi baxımdan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasını itirən bütün azərbaycanlıların hüquqlarına aid olan məsələdir.


Create Account



Log In Your Account