May 11 2020 10:44
Elshad Aliyev
Views: 81

Türkiyənin aparıcı kütləvi informasiya vasitələri (KİV) ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə geniş məlumatlar yayıblar.

AZƏRTAC xəbər verir ki, mayın 10-da, xalqımızın xilaskar oğlu Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət etmələri barədə məlumatı türkdilli oxuculara çatdıran qardaş ölkə KİV-ləri, həmçinin dahi şəxsiyyətin zəngin mənalı həyat və fəaliyyətindən bəhs edən məqalə, informasiya və reportajlar veriblər.

Anadolu Agentliyinin “Azərbaycanın memarı Heydər Əliyev” sərlövhəsi ilə təqdim etdiyi məqalə və infoqrafikada Ulu Öndərin anadan olma tarixindən vəfatınadək illər üzrə həyatının mühüm hadisələri əksini tapıb. Bioqrafik xarakter daşıyan məlumatlar tarixi faktlar əsasında tərtib olunub. Məlumatlarda yazılır: “Heydər Əliyev müstəqillikdən sonra vətəndaş müharibəsi təhlükəsi, Dağlıq Qarabağ müharibəsi və iqtisadi böhranla üz-üzə qalan Azərbaycanda rəhbərliyə gələrək ölkəsinin suverenliyinə və iqtisadi inkişafına qapılar açdı”.

TRT HABER televiziya kanalının məlumatı isə Ümummilli Liderimizin həyatının müxtəlif çağlarını əks etdirən orijinal fotolarla təqdim olunub. Diqqətə çatdırılır ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını hər zaman minnətdarlıqla xatırlayıb.

“Haber Global” televiziya kanalı dahi şəxsiyyətin keçdiyi çətin və şərəfli ömür yolunu nadir kadrlar əsasında hazırlanan reportajla təqdim edib. Qeyd olunur ki, keçmiş SSRİ-nin ali vəzifələrinə yüksələn Heydər Əliyev dar gündə özünü vətəninin köməyinə çatdırıb. Naxçıvanın xilası, Azərbaycanda dövlətçiliyin qorunması və inkişaf istiqamətlərinin müəyyən olunması Heydər Əliyevin tarixi missiyalarındandır.

TRT AVAZ kanalı məlumatı “Heydər Əliyev anadan olmasının 97-ci ildönümündə anılır” sərlövhəsi ilə təqdim edib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri, xilaskarlıq missiyası, eləcə də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini əbədiyyət yoluna çıxarması xalqlarımızın və ölkələrimizin qürur mənbəyi, dövlətlərimizin bu günü və gələcəyidir. İnsanların dillər əzbərinə çevrilən, günümüzün gerçəklikləri ilə özündə tarixi həqiqətləri daşıyan “Bir millət, iki dövlət” ifadəsi hər birimiz üçün həyat şüarına çevrilib. Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələri, rəsmi şəxslər, tanınmış qələm adamları, ictimai xadimlər ulu öndər Heydər Əliyevlə bağlı fikir və ifadələrini sonsuz məhəbbətlə bölüşüblər.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə “twitter” səhifəsində paylaşım edib. Nazir yazır: “Məkanı Cənnət olan Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” təməlində Azərbaycan-Türkiyə qardaşlığı əbədi olacaq!”

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç da Ulu Öndərimizə sonsuz sevgisini sosial şəbəkədə paylaşımı ilə ifadə edib.

Tanınmış publisist Cabbar Şıktaş “Çətin günlərin insanı Heydər Əliyev” sərlövhəli məqaləsində böyük şəxsiyyətin siyasi həyat yoluna nəzər yetirərək yazır: ”Ümummilli lider Heydər Əliyevi mən rahatlıq içində tanımadım. Naxçıvanda tanıdım, tanış oldum, əlini öpdüm. Yəni, o vaxt çətinliklər, müharibə və yoxsulluq mövcud idi”.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar “Unudulmaz Heydər Əliyev” sərlövhəli məqalə ilə çıxış edib. Müəllif yazır ki, sağlığında olduğu kimi vəfatından sonra da insanların qəlbində yaşayan ulu öndər Heydər Əliyev həmişə soykökü və doğma Azərbaycanı ilə iftixar edib.

Məqalələrdə, məlumat və reportajlarda diqqətə çatdırılır ki, həm keçmiş sovetlər birliyi vaxtında, həm də müstəqillik dövründə xalqının tükənməz sevgisini qazanan Heydər Əliyev xatirələrdə Azərbaycanın Ümummilli Lideri adı ilə yaşayır.


Create Account



Log In Your Account