May 08 2020 14:10
Elshad Aliyev
Views: 713

“Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün,

vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir,

əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”

 

Heydər Əliyev

Ümummilli lider

 

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənah Əli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

İngilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar vardır.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədovun “Şuşa - tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər” sərlövhəli məqaləsini təqdim edir.

XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılmış, sonra İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə isə Qarabağ xanlığı daha da gücləndi. Xanlığın ərazisində Əskəran, Ağoğlan qalaları, Şuşa qalasının divarları və s. diqqətəlayiq, strateji əhəmiyyətli qalalar tikilmişdi. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdi.

XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkilib başa çatdırıldı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Marsel və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr zərb edilirdi.

Şuşada “Bazarbaşı” deyilən yerdən “Şeytanbazara” qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi “Rastabazar” adlandırılırdı. “Rastabazar”ın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi. Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin “Meydan” deyilən əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi. XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmışdı ki, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı. Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud idi.

Qeyd etmək vacibdir ki, tarixi mənbələrdə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. 1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Bu da ən azı 1500 sənətkar demək idi. Tarixi mənbələrdə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. XIX əsrin 60-cı illərində Şuşada illik ticarət gücü 78 milyon rubla bərabər olan ipəksarıma fabriklərinin fəaliyyət göstərirdi ki, çox keçmədən həmin müəssisələrin illik istehsal gücü 117 milyon rubla çatmışdı.

1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1903-cü ildə Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalının 43-cü səhifəsində göstərildi ki, “Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar”.

Bununla yanaşı, Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə çox mühüm strateji əhəmiyyətli qala olmasını bir sıra tədqiqatçılar dəfələrlə bildirmişlər. Məşhur klimatoloqlar dəniz səthindən 1403 metr hündürlükdə yerləşən mühüm əhəmiyyətli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli Şuşanın böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləmişdilər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı “Turşsu” deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultdu. Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınmışdır. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi. Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən “Xarı bülbül” gülü bitir. Bu endemik gül həm gözəl, həm də müalicəvidir.

Artıq XIX əsrin ikinci yarısında şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla 25 minə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-ə qədər müəllim və s. olmuşdur. Bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışlar.

Tarixi sənədlər göstərir ki, “Üç muşketyor” və “Qraf Monte Kristo” kimi klassik əsərlərin müəllifi olan məşhur yazıçı Aleksandr Düma 1858-ci ilin ortalarından - 1859-cu ilin əvvəllərinə kimi Rusiya və Qafqazda olmuşdur. Qafqaza səfəri zamanı müəyyən müddət Azərbaycan ərazisinə səyahət etmiş, 1859-cu ilin aprel ayında isə Dümanın 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları əsəri (fransızça: “İmpression de Voyage Le Caucase”) Parisdə çap olunmuşdur.

Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada Qarabağ xanının qızı, məşhur şairə Xurşudbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Düma Azərbaycan şairəsi Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə, çox yadda qalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Natəvan Dümaya qalib gələrkən o, Dümadan yaşca xeyli kiçik idi. Natəvanın cəmi 26, Dümanın isə 56 yaşı vardı. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-ci il fevralın 18-də Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsininin açılışı olmuş və abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat vardır.

Ümumiyyətlə, tarixi mənbələr sübut edir ki, Şuşa qalası tarixən Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. XIX əsrin əvvəllərində - 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiyanın Qafqaz qoşunlarının baş komandanı general Sisianov arasında Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) imzalandı. Bununla da Qarabağ xanlığı Rusi¬yanın tərkibinə daxil oldu və dərhal Qara¬bağ¬da çarizmin mövqeyini möhkəmlətmək üçün ermənilərin bura köçürməsinə baş¬landı. Bu fakt onu göstərir ki, ermənilərin Qarabağa dair ərazi iddiaları əsassızdır. Çünki əgər ermənilər Qarabağ xanlığında yaşayıb, vəzifə sahibi olsaydılar general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla imzalanmazdı.

Qara¬ba¬ğın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması isə XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qaf-qazın Rusiya tərəfin¬dən işğal edilməsindən sonra baş ver¬miş¬dir. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişin¬də, həm də sonralar ermə¬ni¬lərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticə¬sin¬də burada onların sayı ilbəil artmağa başladı. Bunu Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədlər də təsdiq edir. 1828-ci ildən sonra Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən rəsmən 124 min (qeyri-rəsmən 200 min) erməni köçürülmüş, bu proses bütün XIX əsr boyunca davam etdirilmiş və bu da demoqrafik vəziyyətə müəyyən təsir göstərmişdir.

Nəticədə Qarabağ bölgəsinin dağlıq hissəsinə köçürülmüş ermənilərə 1923-cü il iyulun 7-də sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı status verilmiş və nəticədə bu hadisə Ermənistanın Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə olmuşdur. Qarabağ 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə quberniyasının tərkibində olmuş, 1921-1991-ci illərdə isə Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olmuşdur.

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair yenidən ərazi iddiaları irəli sürdülər. XX əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı sayəsində hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi.

1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ zəbt olundu. Nəticədə, 289 kvadratkilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Hazırda Şuşa rayonunun 34 min 300 nəfər əhalisi Azərbaycanın 58 rayonunda müvəqqəti məskunlaşmışdır.

Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B. Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəyovun, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş, dağıdılmış və məhv edilmişdir.

Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 28 ildir ki, Ermənistan silahlı qüvvələrin işğalı altındadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən Ümummilli Lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.

Ümummili Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyev milli və dövlətçilik maraqlarını daim üstün tutaraq bəyan etmişdir ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi doğma yurdlarına, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

 


Create Account



Log In Your Account