May 29 2021 14:23
Elshad Aliyev
Views: 185

“Xarıbülbül” festivalının keçirildiyi gündən artıq iki həftədən çox vaxt ötüb. Amma təəssüratlar və emosiyalar hələ də həmin gün olduğu qədər güclü və təsiredicidir. Bu barədə Bakı Xoreoqrafiya Akademiyasının doktorantı Leyla İsayevanın “Şuşada “Xarıbülbül” festivalı: Biz qayıtmışıq, əbədi qayıtmışıq!” sərlövhəli məqaləsində bəhs olunur.

AZƏRTAC məqaləni təqdim edir.

Bənzərsiz konserti göz yaşlarsız izləmək mümkün deyildi. Ülvi, təkrarsız emosiyalar bəxş edən çıxışları təkrar-təkrar dinləmək istəyirsən. Düşünürəm ki, həyatda hər bir izləyiciyə bəxtinə yalnız bir neçə dəfə düşən təsvirolunmaz incə duyğular nəsib olur. Müzəffər Ali Baş Komandan başda olmaqla tədbir iştirakçılarının üzlərindəki sevinci biz hətta televiziya ekranı vasitəsilə hiss edirdik. Bu tarixi günü Azərbaycan xalqının və mədəniyyətinin daimi mənəvi dirçəliş nöqtəsi hesab etmək olar. Artıq kədər bitib. Ürək torpaq itkinin ağrısından əzab çəkmir və qəhər artıq boğazımızı sıxmır.

Musiqi festivalı may ayında Şuşada çiçəklənən Qafqaz ofrisinin, azərbaycanlıların xarıbülbül dediyi eyniadlı çiçəyin - “Xarıbülbül”ün adını daşıyır. Azərbaycanlı xanəndə Seyid Şuşinskinin 100 illiyinə həsr edilmiş ilk “Xarıbülbül” festivalı 1989-cu ilin mayında Qarabağda - Şuşa şəhərindəki Cıdır düzündə keçirilib. Festival Azərbaycan Respublikasının keçmiş mədəniyyət naziri, hazırda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə təşkil olunmuş və 1990-cı ildə beynəlxalq festival statusu almışdı. Lakin 1992-ci ildə Birinci Qarabağ müharibəsi və Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı səbəbindən layihə dayandırılmışdı.

Festivalın birinci günü Prezidentin parlaq nitqindən sonra Kənan Bəşirlinin ifasında çox sevilən Azərbaycan muğamı - “Bayatı-Şiraz” səsləndi. O, mürəkkəb lirik-dramatik muğam əsərlərindən birini yetkin bir şəkildə - peşəkarcasına və qüsursuz ifa etdi, eyni zamanda, öz gənc səsi və uşaq səmimiliyi ilə ən incə hisslərə toxunmağı bacardı. Bu muğamı ilk dəfə Tacir Şahmalıoğlu Kənanla eyni yaşda olarkən ifa edib. Ötən illər ərzində bu muğam improvizasiyası Qarabağ həsrətini müşayiət edən könül fəryadına çevrilib. Amma bu dəfə “Bayatı-Şiraz” yeni rəng çalarları alaraq bizə unudulmaz sevinc göz yaşlarını bəxş etdi. Çıxışlar arasında əfsanəvi Azərbaycan müğənniləri Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbutov, Şövkət Ələkbərovanın xatirəsinə ehtiram olaraq onların müxtəlif illərdə Şuşada lentə alınmış çıxışları və videoyazıları təqdim edildi.

Nümunəvi xarakter daşıyan festivalda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların nümayəndələrinin çıxış etməsi dostluq və qardaşlığın, milli və mənəvi sərvətimizin rəmzinə çevrildi.

Festivalın ikinci günündəki qala-konsert unudulmaz təəssürat yaratdı. Adama elə gəlirdi ki, xalqımız əsrlər boyu nə yaradıbsa, bu tarixi gün üçün yaradıb və sanki biz bütün həyatımızı bu günə çatmaq, bu günü görmək üçün yaşamışıq. Hər şey dəyərli, möhtəşəm idi: diqqətlə seçilmiş və qüsursuz ifa edilmiş əsərlər, eyni zamanda, heç bir dekorasiyanın tələb olunmadığı tamaşa pavilyonu. Təbii ki, saysız-hesabsız şeir və mahnılarda vəsf olunan Şuşanın, Cıdır düzünün əsrarəngiz təbiətini heç bir dekorasiya, heç bir səhnə əvəz edə bilməzdi. Elə bil dəvət olunan bütün ifaçılar, orkestr, dirijorlar ustad dərsi keçirdi. Hər bir ifaçı bugünkü günün möhtəşəmliyi, tarixi dəyəri müstəvisində çıxış etməyə çalışırdı. İfaçıların hər biri sanki birinci və sonuncu dəfə çıxış edirlər kimi bütövlükdə özünü, ruhunu, istedad və bacarığını ifalarında cəmləşdirirdi. İlahi musiqinin səsləndiyi zaman sıldırım qayaların, bənzərsiz meşə və vadilərin bakirə gözəlliyi ilə bahəm səmada dövrə vuran qartalları ekrana gətirən operatorların işi də əlbəttə, təqdirəlayiq idi. Təbiətin bu yerlərdəki qeyri-adi gözəlliyi səslənən ecazkar musiqiyə qovuşaraq yaratdığı əks-səda qəlbə heyrət, qürur, sevinc bəxş edirdi.

İlk olaraq səhnəyə ustad dirijor Rauf Abdullayev çıxdı. Üzeyir Hacıbəyli adına Simfonik Orkestr ilə duetdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ifa edildi. İfa etdiyi əsərlərə daim yeni ruh verən bu tandem xüsusən bu dəfə daha möhtəşəm səslənirdi.

Bu ulduzların paradı idi! Azərbaycan müğənniləri, dünya opera səhnəsinin məşhurları - Yusif Eyvazov, Dinara Əliyeva, Elçin Əzizov, Azər Zadə, Selcan Nəsibli ifaları illə bizi sevindirirdi.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yaradıcılıq fəaliyyətinə başlayan, Milandakı “La Scala” Gənc Müğənnilər Teatrının ilk azərbaycanlı məzunu Azər Zadə bəstəkar Tofiq Quliyevin “Azərbaycan” mahnısını ifa etdi. Lirik-dramatik tenor Azər Zadənin səsi heyrətamiz dərəcədə gözəl tembrə malikdir.

Tarzən Sahib Paşazadənin və skripkaçı Ceyla Seyidovanın ifasında Tofiq Quliyevin “Noktürn” əsəri yaradıcı sintezin həmişə təkrarolunmaz səsləndiyini sübut etdi. Skripka nə qədər melodik səslənsə də, həmin gün məhz tar bu əsəri həlledici notlarla tamamladı.

Neçə illərdir qardaş Türkiyədə yaşayan və işləyən Azərbaycanın Xalq artisti Azərin büllur, təmiz səslə Tofiq Quliyevin “Axşam” mahnısını səsləndirməklə öz istedadını bir daha nümayiş etdirdi.

Böyük bəstəkar Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərinə yeni nəslin ümidverici maestrosu Fuad İbrahimov dirijorluq etdi. Konsertdən bir gün əvvəl instaqram səhifəsində o, Bakıdan Şuşanın qalan sakinlərini çıxarmaq üçün gəlmiş vertolyotun fonunda öz fotosunu qoymuşdu. Onda onun 9 yaşı vardı və 30 ildən sonra o, doğma şəhərinə qayıtmışdı. Fuad İbrahimov bu əsəri dəfələrlə bir çox ölkələrdə və müxtəlif orkestrlərlə ifa etsə də, “Azərbaycan kapriççiosu” heç vaxt bu qədər möhtəşəm səslənməmişdi. O, sanki özü bir döyüşçü kimi Cıdır düzündə qələbə bayrağını sancırdı. Sanki bu ifası ilə el-obasından uzaqda yaşadığı illərin, yurd itkisinin ağrı-acılarını yaddaşından silib atırdı.

Səhnədə korifeylərlə yanaşı, Fikrət Əmirovun “Azərbaycan elləri” əsərini ifa edən Böyük Britaniyanın Kral Musiqi Akademiyasının məzunu Selcan Nəsibli, həmçinin Qara Qarayevin “Yeddi Gözəl” baletinə drijorluq edən Murtuza Bülbül kimi yeni gənc istedadların çıxışı ikiqat sevinc bəxş edirdi.

Həmişə gənc, sevilən Polad Bülbüloğlu isə əvvəlki illərdə olduğu kimi, böyük ruh yüksəkliyi ilə öz “vizit kartı”nı, “Gəl ey səhər” mahnısını ifa etdi. Bu, yeni bir nəfəs idi – ulu babalarımızın diyarında uzun illər həsrətlə gözlənilən “səhər” idi.

Əlixan Səmədovun ifasında Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı qonşularımızın qəsdləri nəticəsində dəfələrlə məhkəmə araşdırmalarının predmetinə çevrilib, sonra isə xalq mahnıları sırasına daxil edilib. Lakin həmin gün bəstəkarın ruhu yəqin ki, sakitləşmişdi. Onun melodiyası məhz daha gur səslənməli diyarda - Şuşada, Cıdır düzündə, simfonik orkestrin və balabanın müşayiəti ilə təqdim olunurdu.

Təbii ki, burda, əsas istedadına – ifaçılıq sənətinə başlamazdan əvvəl böyük yol keçmiş, Azərbaycanın Xalq artisti, Rusiya Böyük Teatrının solisti Elçin Əzizovun səsləndirdiyi dahi Üzeyir Hacıbəylinin “Sənsiz”ini xatırlamamaq mümkün deyil. Məxməri bariton səs sahibi bu əsəri bütün bacarığı, gücü ilə ifa etdi.

Azərbaycanın Xalq artisti, iki ildən bir Moskvada keçirilən “Opera Art” festivalının bədii rəhbəri, Böyük Rusiya Teatrının aparıcı solisti Dinara Əliyeva Niyazinin “Arzu”, daha sonra isə Fərhad Bədəlbəylinin “Ave Mariya” əsərlərini duyğulu, melodik, incə ahəngdə ifa etməklə böyük Yelena Obrazsovanın heç də əbəs yerə sevimli tələbəsi olmadığını bir daha sübuta yetirdi.

Fərhad Bədəlbəyli ilə Murad Adıgözəlzadənin uzun illərdən bəri uğurlu əməkdaşlığı, iki fortepianoda dörd əlli ifa, dinləyicilərə sevinc bəxş edir. Fərhad Bədəlbəylinin son illərdə yazılmış ən yaxşı konsert əsərlərindən biri olan “Dəniz”ini pianoçular həmişə olduğu kimi bu dəfə də ideal ifa edirdilər və bu ifa sanki Şuşa dağlarını dənizə birləşdirirdi...

Azərbaycanın Xalq artisti, Rusiya Böyük Teatrının solisti, misilsiz Opera Metropolitanı Yusif Eyvazov Üzeyir Hacıbəylinin hamı tərəfindən sevən “Sevgili Canan”ını səsləndirdi. Bu əsərin ilk ifaçısı olan böyük Bülbülün ənənəvi, milli vokal zəngüləsi uzun illər boyu məhz anoloji ifaçılıq üslubunu özündə əks etdirib. Bu dəfə isə əsər tamaşaçılara qeyri-ənənəvi, tərzdə, Avropa opera məktəbinin klassik üslubları səviyyəsində təqdim olundu.

Fərhad Bədəlbəylinin “Ave Mariya”nı Dinara Əliyeva ilə birgə səsləndirməsi duet ifa üslubunun əsl ustalıq zirvəsi idi. Bu iki səs bir-birini heyrətamiz şəkildə tamamlayırdı və bu iki ecazkar səsin könlümüzü fərəhləndirdiyi anlarda biz Ulu Yaradana bu günə, bu Qələbəyə görə şükür edirdik.

Elza İbrahimovanın Dəmir Gədəbəylinin sözlərinə bəstələdiyi çox təsirli “Ey Vətən” mahnısını Samir Cəfərov səsləndirdi. Ənənəvi Azərbaycan musiqisi üslubunda və məhz ona xas olan melizmlərlə təqdim olunan bu ifa daha müasir simfonik orkestrləmədə bizi təkcə Şuşanın, Qarabağın deyil, ölkəmizin digər əsrarəngiz gözəlliklərinin də seyrinə çıxmağa sövq edirdi. Bəli, o, məhz ülvi hislərlə dolu “doya bilmirəm” ifa edirdi. Ekran qarşısında biz də canlı konsertin tamaşaçıları kimi o anların bitməməsini arzulayırdıq. Biz o gözəllikdən, o musiqidən doymadıq!

Vasif Adıgözəlovun “Qarabağ oratoriyası”na görkəmli bəstəkarın oğlu Yalçın Adıgözəlov dirijorluq edirdi. Onunla birlikdə bütün orkestr - ifaçılar və xorçular da bu sevinc, xoşbəxtlik hisslərini çətinliklə cilovlayırdılar. Şuşadan, Qarabağdan ayrılmağı sonsuz kədərlə qarşılayan bəstəkar təbii ki, bu itkinin müvəqqəti olmasına inanırdı və bu inamın, bu təntənəli qayıdışın akkordları elə ilk notlardan hiss olunurdu. Bu unudulmaz günədək yaşamaq bəstəkara nəsib olmasa da, 30 ildən sonra onun möhtəşəm Zəfər müjdəli notlarının Cıdır düzündə səslənməsi qala-konsertin kulminasiya nöqtəsi oldu. Sonda Alim və Fərqanə Qasımovaların bir notla melodik kantilen ifası və orkestrin təntənəli yekun akkordları hamını duyğulandırırdı. Bu, Vətənə və doğma torpağa sonsuz sevginin ifadəsi idi.

Konsertin təşkilatçılarına - birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fonduna və əlbəttə ki, hər birimizə bu möhtəşəm günü bəxş edən, ata vəsiyyətini və xalqa verdiyi vədi yerinə yetirən Prezident İlham Əliyevə böyük təşəkkürlər!

Vaxt məhdudluğuna, lokasiya çətinliklərinə, rabitə çatışmazlığına, təhlükəli, minalanmış ərazilərin mövcudluğuna, qonaqların, festival iştirakçılarının, avadanlıqların, alətlərin çatdırılması prosesindəki mürəkkəbliyə baxmayaraq, 30 il sonra bu festival baş tutdu. Lakin sadalananlardan heç biri bu nəhəng layihənin həyata keçirilməsinə təsir göstərə bilmədi. Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın dediyi kimi “Biz müqəddəs Ramazan bayramı ərəfəsində qayıtdıq. Biz əbədi qayıtmışıq!”.

Bu Zəfəri bizə yaşadan şəhidlərimizə, sağlamlığını itirmiş qazilərimizə, döyüş meydanlarında aslan kimi vuruşmuş bütün əsgərlərimizə, Vətən müharibəsində vahid, “dəmir yumruğ”a dönmüş bütün Azərbaycan xalqına sonsuz ehtiramımı bildirirəm.


Create Account



Log In Your Account