Jun 03 2020 11:36
Elshad Aliyev
Views: 57

Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ailə inkişaf planı” hazırlanacaq. Planın hazırlanması üçün ilk növbədə uşaqlarını dövlət uşaq müəssisələrinə verən ailələrə səfərlər təşkil olunmaqla, onlarla bağlı qiymətləndirmələrin aparılmasına başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qiymətləndirmələr həmin ailələrin uşaqlarını müəssisəyə yerləşdirmə səbəbləri, sosial-psixoloji vəziyyəti, sosial-müdafiə ehtiyacları, uşağın ailədə yaşamaq potensialı, riskləri və s. üzrə aparılır. Qiymətləndirmələrin nəticələri əsasında hazırlanacaq “Ailə inkişaf planı” üzrə həmin ailələrlə bağlı zəruri istiqamətlərdə sosial dəstək tədbirlərinin görülməsi nəzərdə tutulub.

Qiymətləndirmə prosesinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2 regional Ailələrə Dəstək Mərkəzinin, UNICEF-in Azərbaycanın regional layihələrindəki sosial işçi heyətinin, “SOS Uşaq Kəndləri” Azərbaycan Assosiasiyasının “Bakı Ailələrə Dəstək Mərkəzi”nin sosial işçiləri cəlb edilib.

Onlara nazirlik tərəfindən onlayn platforma vasitəsilə zəruri təlimatlar verilib, sosial xidmətə ehtiyacı müəyyənləşdirən beynəlxalq standartlara uyğun qiymətləndirmə sənədləri təqdim edilib.

 


Create Account



Log In Your Account