Apr 02 2020 15:59
Elshad Aliyev
Views: 121

Koronavirus (COVID-19) təhlükəsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində Ucar rayonunda tənha ahıl insanlara, habelə evdən çıxmaları qadağan olunan 65 yaşdan yuxarı sakinlərə xidmət işləri davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qeydiyyatda olan 110 nəfər tənha yaşayan ahıl sakin gündəlik ərzaq məhsulları, habelə lazımi tibbi ləvazimatlarla təmin olunur. Bu məqsədlə mütəmadi ziyarət olunan tənha ahılların həm də arzu və istəkləri öyrənilir, onlara hərtərəfli dəstək göstərilir.

Yeni ziyarət olunan Boyat və Bərgüşad kəndlərinin tək yaşayan ahıl sakinləri - 1930-cu il təvəllüdlü Heydər Teymurov, 1956-cı ildə anadan olan Fatma Gülməmmədova, 1939-cu il təvəllüdlü Şahzadə Sədullayeva onlara göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, dünyanın təhlükəli bəladan tezliklə xilas olmasını arzulayıblar.


Create Account



Log In Your Account