Nov 15 2019 11:53
Elshad Aliyev
Views: 57

Ukrayna Milli Bankının nümayəndələri Azərbaycanın Bazel prinsiplərinin tətbiqi üzrə təcrübəsinin öyrənilməsi məqsədilə dekabrda Bakıya səfər edəcəklər.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) AZƏRTAC-a bildirilib ki, MBNP ilə İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müriel Peneveyre, SECO-nun (İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi) Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Daniyel Myuli və digər rəsmilərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı İsveçrə-Azərbaycan əlaqələri, SECO-nun maliyyə sektoru üzrə islahatlara verdiyi dəstək, həmçinin palata və SECO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Palatanın idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Müriel Peneveyreyə ölkə rəhbərliyinin iradəsi ilə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, bu hədəfləri özündə ehtiva edən Strateji Yol xəritələri barədə məlumat verib, maliyyə sektorunun inkişafına dair Strateji Yol Xəritəsinin icrasında Palata ilə SECO-nun birgə əməkdaşlığından danışıb. Görüşdə Prezident İlham Əliyevin ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, kiçik və orta biznesin (KOB) kredit əlçatanlığının artırılması istiqamətində ardıcıl siyasətinin davamı olaraq, kənd təsərrüfatının kreditləşməsi və biznes fəaliyyətinin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər fonunda İpoteka və Kredit Zəmanət Fondu, Özəl Kredit Bürosu və Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin, Aqrar Sığorta Fondunun yaradıldığı, qanunvericiliyin təkmilləşdirildiyi qeyd olunub.

Bildirilib ki, dövlət reyestri vasitəsilə əsas aktivləri daşınar əmlakdan ibarət olan kiçik sahibkar və fermerlər bu əmlakları yüklü etməklə biznes kreditləri götürmək və öz təsərrüfatlarını daha da genişləndirmək imkanı əldə ediblər. Reyestr yaradıldığı müddətdən ötən dövr ərzində istifadəçilər tərəfindən 60 mindən artıq axtarış aparılıb, öhdəliyin ümumi həcmi 6 milyard manatdan çox olan 40 mindən artıq bildiriş reyestrə daxil olunub. Təsadüfi deyil ki, bu islahatların nəticəsində beynəlxalq qurumlar və reytinq agentliklərinin dəyərləndirmələrində Azərbaycanın mövqeyi ildən-ilə yüksəlməkdə davam edir. Dünya Bankının açıqladığı “Doing Business 2019” hesabatında “Kredit əlçatanlığı” indikatoru (Getting Credit) üzrə Azərbaycan 122-ci yerdən 22-ci yerə, “Doing Business 2020” hesabatında isə analoji indikator üzrə maksimum nəticə nümayiş etdirərək 190 ölkə arasında 1-ci yerə yüksəlib. Eyni zamanda, Azərbaycan 20 ən islahatçı ölkə içərisində qərarlaşıb.

Maliyyə bazarlarına nəzarət sahəsində beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinə gəlincə isə, Palatanın cari ilin avqust ayında Bazel Konsultativ Qrupuna üzv qəbul edildiyi, Almaniyanın Maliyyə nəzarəti orqanı (BaFin), Almaniya Mərkəzi Bankı (Bundesbank), həmçinin qabaqcıl Avropa ölkələrinin nəzarət orqanları ilə əməkdaşlıq etdiyindən bəhs olunub, sevindirici hal kimi ölkəmizdə reallaşdırılan müsbət təcrübələrin digər ölkələrlə də paylaşıldığı diqqətə çatdırılıb. Belə ki, dövlət reyestri ilə bağlı Azərbaycanın təcrübəsi Gürcüstan, Qırğızıstan tərəfindən öyrənilərək tətbiq edilib, Ukrayna Milli Bankının nümayəndələrinin Azərbaycanın Bazel prinsiplərinin tətbiqi üzrə təcrübəsinin öyrənilməsi məqsədilə cari ilin dekabrında palataya səfəri planlaşdırılıb.

Öz növbəsində, Müriel Peneveyre Azərbaycan ilə İsveçrə arasında mövcud olan sıx əməkdaşlıqdan, əlaqələrin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi cari ilin oktyabr ayında İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşündən danışıb. Daha sonra, palatanın biznes kreditlərinin verilməsi sahəsində son dövrlərdə aktiv fəaliyyətinin müsbət addım olduğu və ümumiyyətlə, qısa müddət ərzində MBNP-nin çox əhəmiyyətli uğurlara imza atdığı bildirilib. Ölkələr arasında iqtisadi əməkdaşlıq barədə məlumat verən səfir SECO-nun bu istiqamətdəki töhfələrini ölkələrimiz arasında tərəfdaşlığın yüksək göstəricisi kimi vurğulayıb, SECO-nun Cənubi Qafqaz üzrə regional direktorunun yeni müavini Alberto Hernandezin də yeni vəzifəsində uğurla fəaliyyət göstərəcəyinə əmin olduğunu deyib.

SECO-nun Cənubi Qafqaz üzrə yeni regional direktoru Daniyel Myuli hazırda SECO-nun Cənubi Qafqaz ölkələri üzrə 4 illik (2021-2024) strateji planının hazırlandığını və onun dəstək göstərə biləcəyi sahələr üzrə palatanın təkliflərinin təqdim edilməsini xahiş edib.

Görüşün sonunda dövlət reyestrinin praktiki fəaliyyəti ilə tanış olmaq üçün qonaqlar palatanın reyestr xidmətində olublar, onlara reyestr xidmətinə daxilolma, bildirişləri daxiletmə və axtarış aparmaq üzrə dolğun məlumatlar verilib, proses əyani olaraq nümayiş etdirilib və ünvanlanan suallar cavablandırılıb.

 


Create Account



Log In Your Account