Nov 01 2019 12:23
Elshad Aliyev
Views: 35

Noyabrın 1-də UNEC-də ilk dəfə olaraq smart tələbə kartının təqdimat mərasimi keçirilib.

Təhsil Nazirliyinin, Mərkəzi Bankın və UNEC-in təşəbbüsü, “Kapital Bank” və “Mastercard”ın dəstəyi ilə həyata keçirilən “Smart tələbə kartı” layihəsi Prezidentin İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədini daşıyır.

Tədbirdə bank rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, Təhsil Nazirliyinin rəsmiləri, universitetin müəllim-tələbə heyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, UNEC-in rektoru Ədalət Muradov rəhbərlik etdiyi ali təhsil ocağında dünyanın aparıcı universitetlərinin tətbiq etdiyi “Smart tələbə kartı” ilə bağlı iki il öncədən hazırlıqlara başlanıldığını bildirib. Layihənin uğurla nəticələndiyini deyən rektor UNEC-də təhsil alanların ölkədə ilk dəfə tətbiq olunan “Smart tələbə kartı”na sahib olmalarından qürur duyduğunu ifadə edib. Professor Ədalət Muradov UNEC-də son 5 ildə uğurla tətbiq olunan Elektron Universitet Modelinin üstünlüklərindən söz açıb, smart tələbə kartının həmin model çərçivəsində həyata keçirildiyini bildirib.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bu layihənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsinə, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacağını qeyd edib. Ali təhsil müəssisələri tələbələrinin bu layihəyə cəlb edilməsinin bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaratdığını vurğulayıb. Smart tələbə kartının ölkə ali təhsil müəssisələri arasında ilk dəfə UNEC-də tətbiqinin təsadüfi olmadığını deyən Mərkəzi Bankın rəsmisi universitetin son 5 ildə innovativ layihələri ilə öndə olduğunu diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov dünyanın aparıcı universitetlərinin “Smart tələbə kartı” təcrübəsinin Azərbaycanın ali məktəblərində tətbiqini yüksək qiymətləndirərək, kartın əhəmiyyətindən danışıb. Bildirib ki, bununla bağlı ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartının təsdiq edilməsi, onun əsasında müasir ödəniş funksionallı tələbə kartlarının hazırlanması və ölkədə təhsil alan tələbələrə təqdim olunması istiqamətində işlər aparılır.

Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar Azərbaycanda belə bir layihənin ilk dəfə reallaşdırılmasında iştirak etdiklərindən qurur duyduğunu bildirib və kartın üstünlüklərindən danışıb.

Sonra “Kapital Bank”ın nümayəndəsi smart tələbə kartı barədə təqdimat edib. Bildirilib ki, kart vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə istənilən ödənişlərini həyata keçirəcəklər. Regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək. Tələbələr smart kartı universitetə, UNEC-in 24/7 kitabxanasına və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə kartın əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulur.

Sonda UNEC-in birinci kursunda oxuyan 20 nəfər Prezident təqaüdçüsünə smart tələbə kartı təqdim olunub.


Create Account



Log In Your Account