Apr 22 2020 18:05
Elshad Aliyev
Views: 135

Aprelin 22-də UNESCO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin ilk virtual görüşü keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüşün təşkilində əsas məqsəd COVID-19 pandemiyasının mədəniyyət sahəsinə təsiri, eləcə də bu çərçivədə görülən tədbirlərlə bağlı nazirlər arasında fikir mübadiləsinin aparılması olub. Görüşdə dünyanın 180-dən çox ölkədən nazirlər və digər yüksək səviyyəli rəsmilər iştirak edib.

UNESCO Mədəniyyət nazirlərinin birinci virtual görüşündə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev öncə pandemiya dövründə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlər barədə danışaraq, ölkə başçısı tərəfindən imzalanan müvafiq sərəncamlar haqqında məlumat verib. Bu sahədə dövlət qurumlarının fəaliyyətini əlaqələndirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın gərgin fəaliyyəti sayəsində pandemiya ilə bağlı vəziyyətin vaxtında nəzarətə götürüldüyü və xəstəliyin geniş yayılmasının qarşısının alındığı diqqətə çatdırılıb. Xüsusi karantin şəraitində dövlətin həyata keçirdiyi müxtəlif sosial proqramlar haqqında da məlumat verən Ə.Qarayev daha sonra Mədəniyyət Nazirliyi tərəfindən də 20-dən artıq layihənin həyata keçirildiyini qeyd edib. Misal olaraq “Evdə qal, evdə yarat” təşəbbüsü, “Bizi birləşdirən mədəniyyət”, “Yaradıcılığı evdə öyrən” və digər layihələrdən danışan nazir onların mövcud şəraitdə xüsusi önəmini vurğulayıb.

Mövcud şəraitdə qlobal layihələrin əhəmiyyətindən söz açan nazir həmçinin bildirib ki, Azərbaycan UNESCO tərəfindən 15 aprel tarixindən etibarən açıq elan edilən "ResiliArt" qlobal hərəkatına fəal şəkildə qoşulub və bu hərəkatı ölkəmizin yaradıcı adamları arasında təbliğ etməkdədir. Qeyd edək ki sözügedən hərəkat COVID-19 pandemiyasının mədəniyyət sahəsinə hərtərəfli təsiri barədə məlumatlılıq səviyyəsini artırmağı və incəsənət adamlarını bu böhran zamanı və böhrandan sonra da dəstəkləməyi hədəfləyir.


Create Account



Log In Your Account