Apr 30 2020 15:05
Elshad Aliyev
Views: 123

Aprelin 29-da UNESCO-ya üzv ölkələrin Milli Komissiyalarının birinci onlayn görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, 250-dən çox nümayəndənin iştirak etdiyi görüşdə 45 Milli Komissiyanın təmsilçisi çıxış edib.

Görüşün məqsədi COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində UNESCO tərəfindən həyata keçirilən tədbirlər və Milli Komissiyalarla əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsinin aparılması olub.

Əvvəlcə, Afrika prioriteti və xarici əlaqələr üzrə UNESCO Baş direktorunun müavini Firmin Eduard Matoko tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb və Milli Komissiyaların COVID-19 pandemiyası ilə mübarizədə rolunu qeyd edib. Sonra təhsil, mədəniyyət, sosial və humanitar elmlər, kommunikasiya və informasiya, təbiət elmləri və digər sahələr üzrə UNESCO Katibliyinin hesabatları dinlənilib və pandemiya şəraitində qurum tərəfindən qəbul edilən qərarlar, irəli sürülən təşəbbüslər, eyni zamanda mövcud çətinliklər və mümkün çıxış yolları barədə təqdimatlar edilib.

Daha sonra müxtəlif ölkələrin Milli Komissiyalarının nümayəndələri təmsil etdikləri ölkələrdə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verərək, fikir mübadiləsi aparıblar. Görüşdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov çıxış edib.

E.Sultanov çıxışında pandemiya ilə mübarizə çərçivəsində UNESCO-nun təhsil, mədəniyyət, elm və informasiya və kommunikasiya sahələri üzrə ölkəmizdə həyata keçirilən genişmiqyaslı və məqsədyönlü tədbirlər, müvafiq layihə və təşəbbüslərə dair məlumat verib. O, Təhsil Nazirliyi tərəfindən ölkədə teledərslərin təşkil edildiyini və bu günədək artıq 1000 dərsin keçirildiyini bildirib. E.Sultanov “Virtual məktəb” layihəsi haqda məlumat verərək 600 min şagird və 50 min müəllimin bu layihədə iştirak üçün qeydiyyatdan keçdiyini diqqətə çatdırıb. Daha sonra o, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Kreativ Azərbaycan” layihəsi və “Evdə qal, evdə yarat” təşəbbüsü haqda məlumat verərək ölkəmizin UNESCO-nun “ResiliArt” hərəkatına qoşulduğunu bildirib. E.Sultanov həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən layihələr və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən görülən işlərə dair məlumat verib. Eyni zamanda, o, Milli Komissiyanın UNESCO və aidiyyəti dövlət qurumları arasında sıx əlaqələndirməni təmin etdiyini vurğulayıb. Sonda o, UNESCO və Milli Komissiyalar arasında dialoqun müntəzəm şəkildə davam etdirilməsi, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, pandemiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsi məqsədilə UNESCO tərəfindən Milli Komissiyaların gələcək fəaliyyətinə dair “yol xəritəsi”nin hazırlanmasını təklif edib.

Tədbirin yekununda UNESCO-nun Üzv Ölkələr və Tərəfdaşlar Bölməsinin direktoru Genc Seiti bütün iştirakçılara təşəkkür edib və Milli Komissiyalar tərəfindən səsləndirilən təklifləri nəzərə alacaqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, iclas internet vasitəsilə canlı yayımlanıb.


Create Account



Log In Your Account