Feb 18 2020 12:06
Elshad Aliyev
Views: 50

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı  Agentliyi (KOBİA) Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı yeni təşəbbüsün başlanğıcını qeyd etmək məqsədilə Bakıda tərəfdaşlıq sammiti keçiriblər.

"APA-Economics"in verdiyi xəbərə görə, yüzdən çox özəl sektor, biznes assosiasiyaları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və Azərbaycan hökumət nümayəndələri sammitdə iştirak ediblər.

Kiçik va Orta Biznesin inkişaf Agentliyinin sədri Orxan Məmmədov, USAID-in Azərbaycandakı missiya direktoru Cey Sinqx və Azərbaycanda tədbirin açılışında çıxış ediblər. Sammitdə Azərbaycan, Türkiyə, Özbəkistan və ABŞ-dan olan yerli və beynəlxalq mütəxəssislər dünyada biznes və peşəkar assosiasiyaların modelləri və onların əhəmiyyəti barədə çıxış ediblər. Assosiasiyalara Dəstək adlı təşəbbüs çərçivəsində USAID-lə çalışmaqda maraqlı olan yerli tərəfdaşlar üçün növbəti addımlar və prosedurlar barədə danışıblar.

Tərəfdaşlıq sammiti əməkdaşlıq mühitində bir neçə ay davam edəcək və sıx əməkdaşlıq tələb edən bir prosesin başlanğıcıdır. Bu zaman ərzində USAID müxtəlif qruplar və ya çoxtərəfli konsorsiumların təqdim etdiyi layihə ideyalarını dəyərləndirəcək və onların maliyyələşdirilməsi barədə qərar verəcək deyərək USAID-in missiya direktoru Cey Singx qeyd edib: "Bu layihə ilə bağlı ümidimiz çoxdur, çünki assosiasiyalar USAID-in göstərdiyi texniki yardımı daha çox kiçik və orta bizneslərə çatdıra bilər ki, bu da təsiri genişləndirəcək. Son beş ildə ümumilikdə kənd təsərrüfatına 11 mln. dollar investisiya etmişik. Bunun nəticəsində yerli fermerlər 75 mln. dollarlıq ixraca nail olublar".

KOBİA-nin sədri Orxan Məmmədov qeyd edib ki, son vaxtlar müxtəlif sahələrdə təmsil olunan sahibkarların təşkilatlanması istiqamətində dövlət tərəfindən, o cümlədən Agentliyik tərəfindən təşviqat işləri aparılır, sahəvi assosiasiyaların və ictimai birliklərin yaradılmasına dəstək göstərilir.

"Məlumdur ki, bu prosesdə dövlətin məqsədi biznesin real vəziyyəti barədə düzgün informasiya almaq, özəl sektorun məqsədi isə dövlətin diqqətini öz problemlərinə cəlb etməklə müvafiq sahədə biznes mühitinin münbitləşdirilməsinə nail olmaqdır, və biz cari layihənin bu baxımdan əhəmiyyətini qeyd edirik", - deyə O. Məmmədov bildirib.

USAID-in Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı təşəbbüsü "Yerli İnkişaf adlanan proqram çərçivəsində USAID-in Vaşinqtonda yerləşən Yerli Dayanıqlılıq Ofisi tərəfindən USAID-in Azərbaycandakı missiyasına ayrılan vəsait hesabına mümkün olub. Yerli İnkişaf yerli miqyasda inkişafi  sürətləndirmək və USAID-in yerli iştirakçılara inkişaf yolunda qarşılarına çıxan çətinliklərin öhdəsindən gəlinməsində rəhbərlik etmək səlahiyyətinin verilməsi qabiliyyətini gücləndirmək üçün nəzərdə tutulmuş unikal proqramdır. Bu təşəbbüsün hissəsi olaraq USAID Azərbaycanın iqtisadiyyatın şaxəlandirilməsi siyasəti və islahat gündəliyini dəstəkləmək məqsədilə biznes və peşəkar assosiasiyaların gücləndirilməsi istiqamətində bir neçə layihə tərtib  etməyi və bu layihələri maliyyələşdirməyi planlaşdırır. USAID tərəfindən ayrılan vəsaitlər yerli QHT, assosiasiya və ya ictimai birliyə təqdim ediləcək və bu QHT, ittifaq və ya ictimai birliklər digər QHT-lər, ittifaqlar, ictimai birliklər və ya özəl şirkətlərlə konsorsium yaratmağa təşviq ediləcəkdir. Təşəbbüsün məqsədi dövlət, özəl sektor və vətəndaş cəmiyyətində ortaq sosial-iqtisadi məqsədlərə dair tərəfdaşlıqların qurulmasını təşviq etməkdir.


Create Account



Log In Your Account