Jun 07 2018 22:20
Ferah Sabirqizi
Views: 101

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla, Azərbaycan Ordusu daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək  Dərələyəz mahalının Arpa  kəndi nəzarət altına keçib.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bunun 8 min hektardan artığı əkin üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza  nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Günnüt sakinləri 26 ildən sonra kəndlərinə qayıdaraq əzizlərinin məzarını ziyarət ediblər.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyekt dağıdılıb, kənd xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçmək məcburiyyətində qalıb.

 


Create Account



Log In Your Account