Mar 16 2017 10:29
Ulviyye Sabirqizi
Views: 1462

Bu gün “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb.

CBC-nin məlumatına görə, Diasporla İş Üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumun açılış mərasimində prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edirlər.

Forumda, həmçinin Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Giorgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal iştirak edirlər.
Əvvəlcə birgə foto çəkdirilib.

Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldın açıb.

Dövlət başçısı tədbirdə nitq söyləyib.

İki gün davam edəcək bu mötəbər tədbirdə 53 ölkədən 300-dək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər.

Forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Qlobal Bakı Forumu Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çox mühüm və əlverişli platformadır.

 


Create Account



Log In Your Account