Dec 10 2019 11:49
Elshad Aliyev
Views: 53

“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar davam edir”. 

Bunu APA-nın Gürcüstan bürosuna Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vasilis Maraqos deyib.

“Biz ümid edirik ki, Avropa Komissiyasının yeni tərkibi ilə sazişi imzalamağa nail ola biləcəyik. Düşünürəm ki, artıq son mərhələyə daha yaxınıq və sazişdə həllini gözləyən bütün məsələlərin müzakirəsini yaxın vaxtlarda başa çatdıracağıq”, - deyə V. Maraqos bildirib.

O, həllini gözləyən məsələlərlə bağlı şərh verə bilməyəcəyini vurğulayıb: “Amma biz uzun yol qət etmişik. Avropa İttifaqı ilə Azərbaycan arasında razılaşdırılmamış çox az məsələ qalır. Önəmli olan odur ki, hər iki tərəf bu razılaşmada eyni səviyyədə maraqlıdır. Bu, bizim ortaq mənfəətimiz üçün daha yaxşı şərtlər yaradır. Burada məsələ fikir ayrılığında deyil, biz hər iki tərəfin də razı qalmasını istəyirik. Eyni zamanda, biz məsələlərin tez bir vaxtda müzakirəsinə hazırıq. Əsas olan odur ki, tərəflər bu məsələyə çox vaxt itirməsinlər. Buna görə də düşünürəm ki, biz çox gözləmədən əməkdaşlığımızın səviyyəsini qaldırmağa hazır olduğumuzu nümayiş etdirməliyik. Çünki hər iki tərəf buna layiqdir”.

Bölmə rəhbəri Azərbaycanda həyata keçirilən layihələr barədə də danışıb. Aİ tərəfindən Azərbaycanda insanların gündəlik həyatına təsir edən layihələrin icra edildiyini xatırladan V. Maraqos qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də müxtəlif layihələr icra olunur.

O vurğulayıb ki, Lənkəranda yeni - “The EU for Lankaran” adlı layihə ölkənin kənd təsərrüfatının inkişafına yönəlib: “Biz həm də yaxşı idarəetmə, ədliyyə və məhkəmə islahatlarında da iştirak etmək istərdik. Çünki bunlar dövlətin fəaliyyətinə, vətəndaşlara konkret xidmətlər göstərə bilər. Öz tərəfdaşlarımızla əməkdaşlıq etmək üçün digər sahələrin müzakirəsini də apara bilərik. Bildiyiniz kimi, bu yaxınlarda “Tərəfdaşlıq Prioritetləri” sənədinin müzakirəsini başa çatdırdıq. “Tərəfdaşlıq Prioritetləri” nəqliyyat, enerji səmərəliliyi, vətəndaş cəmiyyəti kimi digər sahələrdə daha geniş miqyaslı əməkdaşlıq üçün önəmli bir istinad nöqtəsidir. Onu da qeyd etmək istərdim ki, Azərbaycan bu yaxınlarda Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq (E5P) təşəbbüsünə qoşulub. Bu, sadəcə vətəndaşların enerji xərclərini azaltmağa yönəlməyib, eləcə də, bərpa edilən enerji mənbələrindən istifadə, iqlim dəyişikliyi ilə mübarizə kimi bir çox məsələlərə də xitab edir. Biz bu yaxınlarda Azərbaycanla nəqliyyat sahəsində də danışıqlara başlamışıq”.

V. Maraqos Azərbaycandakı yeni administrasiya və parlamentlə əməkdaşlıq etməyə hazır olduqlarını da bəyan edib: “Beləcə tez bir zamanda biz öz əməkdaşlıq əlaqələrimizi mümkün qədər yüksəldə bilərik”.


Create Account



Log In Your Account