Apr 22 2020 15:43
Elshad Aliyev
Views: 77

Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərsliklər və əlavə videodərslər “Virtual məktəb” portalına inteqrasiya edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, portalın funksionallığı genişləndirilərək qeyd olunan imkanlarla yanaşı, görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən şagird və müəllimlər arasında yazışma imkanları təqdim edilib.

Elektron dərsliklərdən faydalanmaq üçün platforma istifadəçiləri “Teams” bölməsindən fənn kanalını seçməlidirlər. Mobil tətbiq istifadəçiləri əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.

Əlavə videodərsləri izləmək və yaxud test tapşırıqlarını yerinə yetirmək üçün isə “Teams > General” bölməsində müvafiq olaraq “Videoresurslar” və ya “Testlər” altbölmələrinə daxil olmaq lazımdır. Mobil tətbiq istifadəçiləri də əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.

Qeyd edək ki, hazırda digər tədris məzmunlu resursların da portala inteqrasiyası üzərində işlər aparılır. Şagirdlər karantin müddətində bu resurslardan faydalanmaqla yanaşı, məktəblərdə tədris prosesi başladıqdan sonra da öz şəxsi səhifələrinə daxil olaraq, mövcud imkanlardan yararlana biləcəklər. Eyni zamanda, portalda qeydiyyatdan keçmiş müəllimlər bu resursları sinif otağında dərslərində tətbiq edə biləcəklər.

Xatırladaq ki, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verilib. Aprelin 21-dək ölkənin 65 şəhər və rayonundan 370 min şagird və 20 min müəllim “Virtual məktəb” portalında qeydiyyatdan keçib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.


Create Account



Log In Your Account