Feb 19 2020 10:45
Elshad Aliyev
Views: 70

Azərbaycan vətəndaşları dövlət başçısının yürütdüyü iqtisadi və sosial siyasəti, struktur islahatlarını ürəkdən bəyənməklə yanaşı, ictimai təəssübkeşlik göstərərək respublikada gedən proseslərlə bağlı təklif və mülahizələrini də bildirirlər.

Təkliflərdə dövlətçiliyimizin gücləndirilməsi, ölkənin ictimai-siyasi həyatına vətəndaşların daha yaxından cəlb edilməsi, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, ətraf mühitin qorunması, infrastrukturun daha da yaxşılaşdırılması, abadlıq-quruculuq, turizmin inkişafı və digər məsələlər üstünlük təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” adlı məqaləsində yer alıb.

Məqalədə deyilir ki, hər il olduğu kimi, bu il də təkliflərin bir qismi ulu öndər Heydər Əliyevin adının daha geniş əbədiləşdirilməsi, Ümummilli Liderin irsinin daha dərindən öyrənilərək tövsiyələrinin həyata keçirilməsi barədə olub. Bu məsələlərlə bağlı təkliflərin çox olması Ulu Öndərə əbədi xalq məhəbbətinin ifadəsidir.

Bundan əlavə, vətəndaşlar təkliflərdə Qarabağ probleminin həlli, dövlət hakimiyyəti orqanlarının, idarə, təşkilat və müəssisələrin fəaliyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar fikirlərini bildirirlər.

Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasətini tam dəstəkləyən vətəndaşlarımız ictimai-siyasi mövzulara dair göndərdikləri təkliflərdə növbədənkənar parlament seçkilərinin keçirilməsi, struktur islahatlarının aparılması ilə bağlı mülahizələrini bildirir, müxtəlif təkliflər irəli sürürlər. Xaricdə yaşayıb oradakı havadarlarına güvənən və ölkəmizə qarşı qərəzli təbliğat aparan, anti-Azərbaycan mövqeyi tutan şəxslərə qarşı qətiyyətli addımlar atılması, xaricdəki diaspor üzvlərimizin mütəşəkkil fəaliyyəti, Qarabağ müharibəsi şəhidləri haqqında silsilə verilişlər hazırlanması barədə təkliflər də bu qəbildəndir.

Təhsil, səhiyyə və sosial sahədə islahatların daha da genişləndirilməsi ilə bağlı arzu və istəklərini bildirən vətəndaşların bir sıra kənd məktəblərinin təmiri, ucqar kəndlərdə tibb məntəqələrinin açılması, kitabxanaların və mədəniyyət evlərinin fəaliyyətinin müasir tələblərə cavab verən formada təşkili barədə fikirləri, mülahizələri diqqəti cəlb edir.

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, dövlət, elm və mədəniyyət xadimlərinin, məşhur mesenatların, tanınmış neftçilərin, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və digər şəxslərin xatirəsinin əbədiləşdirilməsi barədə müraciətlər vətəndaşların mədəniyyətimizin inkişafında əhəmiyyətli rolu olan şəxslərin unudulmamasına, tarixi irsimizin qorunmasına böyük önəm verdiyini göstərir. Ötən il Azərbaycan Prezidentinin bir sıra sərəncamları məhz bu məsələlərə aid olmuş, 25 nəfərdən artıq tarixi şəxsiyyətin yubileyi qeyd olunmuş və xatirəsi əbədiləşdirilib.

Respublikanın bütün bölgələrində aparılan yenidənqurma işlərindən məmnun qalan vətəndaşlar bu sahəyə aid təklifləri ilə yaşadıqları ərazinin daha da abadlaşdırılmasında iştirak etmək istəyirlər. Onlar əmindirlər ki, sərnişindaşıma üzrə yeni marşrutların, əlavə aviareyslərin açılması, sürətli qatar xətləri şəbəkəsinin daha da genişləndirilməsi, yerüstü və ya yeraltı keçidlərin inşası, su anbarlarının tikilməsi və s. məsələlər barədə təklifləri yaşadıqları ərazilərin infrastrukturunun güclənməsinə, daha yaxşı yaşayış şəraitinin yaradılmasına xidmət edəcəkdir.

Müraciətlərdə sosial evlərin tikintisi ilə bağlı atılan addımların Bakı şəhər sakinlərinin mənzil probleminin uğurlu həlli yollarından olduğu qeyd edilir və respublikanın digər şəhər və rayonlarında da güzəştli qiymətə sosial evlərin tikilməsi barədə təklif və mülahizələr irəli sürülür.

Kənd təsərrüfatına aid müraciətlərdə vətəndaşlar heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatlarında məhsuldarlığın daha da artmasına, habelə qida sənayesinin və farmakologiyanın inkişafına töhfə verə biləcək bəzi qeyri-ənənəvi bitkilərin Azərbaycanda becərilməsi, kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması, yeni emal müəssisələrinin qurulması, orqanik məhsulların yetişdirilməsi, üzümçülük və şərabçılığın bazasında aqroturizmin inkişaf etdirilməsi, kənd məhsulları yarmarkalarının sayının artırılması, aqrar sektorda müasir texnologiyaların tətbiqinin davam etdirilməsi barədə təkliflərini verir, fikirlərini bölüşürlər.

Bundan əlavə, vətəndaşlar müraciətlərdə dövlət qulluğuna qəbul imtahanlarının optimallaşdırılması, bəzi kənd və qəsəbələrdə bankomatların qoyulması, dəm qazından zəhərlənmə hallarını aradan qaldırmaq üçün qaz detektorlarının quraşdırılması və sair məsələlərlə bağlı təkliflər də vermişlər.

Bir qayda olaraq bütün təkliflərə diqqətlə yanaşılır, öyrənilir və səmərəli olduğu halda onların həyata keçirilməsi üçün tədbirlər görülür.


Create Account



Log In Your Account