Apr 23 2020 15:43
Elshad Aliyev
Views: 61

Vyetnam hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizədə uğurlu nəticələr fonunda aprelin 23-ü yerli vaxtla saat 00:00-dan başlayaraq ölkədə qüvvədə olan sosial izolyasiya rejimini yumşaltmaq barədə qərar qəbul edib.

AZƏRTAC Vyetnam Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ötən həftə ərzində ölkədə koronavirusa yoluxan olmayıb.

“Aprelin 23-ü yerli vaxtla səhər saat 6-ya olan məlumata əsasən, Vyetnamda koronavirusa yoluxan insanların ümumi sayı 268 nəfər səviyyəsində qalıb. Beləliklə, pandemiya başladığı dövrdən bu yana ilk dəfədir ki, bütün həftə ərzində ölkədə yeni yoluxma halları müşahidə olunmayıb”, - deyə Səhiyyə Nazirliyinin bəyanatında bildirilir.

Hakimiyyətin qərarına uyğun olaraq, yerli aviakompaniyalara aprelin 23-dən etibarən ölkədaxili marşrutların əksəriyyətində uçuşlara icazə verilib. Aprelin 30-na qədər isə bələdiyyə nəqliyyatının, həmçinin ticarət müəssisələrinin və xidmət sahələrinin fəaliyyətinə qoyulan məhdudiyyətlər tədricən aradan qaldırılacaq.

Vyetnamın COVID-19 xəstəliyinin yayılmasının profilaktikası və nəzarəti üzrə milli koordinasiya komitəsinin məruzəsinə əsasən, hazırda ölkədə koronavirus infeksiyasına yoluxan 268 nəfərdən 223-ü tam sağalıb, 45 nəfər isə tibb müəssisələrində həkimlərin nəzarəti altında müalicələrini davam etdirir.


Create Account



Log In Your Account