Jun 04 2020 15:27
Elshad Aliyev
Views: 142

Bu gün Milli Məclisdə Vyetnam Milli Assambleyasının Sədri xanım Nquyen Txi Kim Nqan tərəfindən göndərilmiş tibbi maskaların təqdimat mərasimi olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mərasimdə Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Eldar Səlimov bildirib ki, Azərbaycanla Vyetnam arasında zəngin tarixi köklərə əsaslanan dostluq əlaqələri mövcuddur, müasir dövrdə iki dövlət arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq inkişaf edir.

XİN təmsilçisi qeyd edib ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasına qarşı Azərbaycanda olduğu kimi, Vyetnamda da mübarizə aparılır, gərəkli addımlar atılır:  “Vyetnam Milli Assambleyası tərəfindən Azərbaycan Milli Məclisinə tibbi maskaların təqdim edilməsi tərəfimizdən yüksək qiymətləndirilir”.

Milli Məclisin Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Məsimli deyib ki, bu infeksiyaya qarşı mübarizədə bütün ölkələrin səylərini birləşdirməsini səmərəli nəticələr verib. Qeyd edib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına və bir sıra ölkələrə pandemiya ilə mübarizədə öz töhfəsini verib.

“İşçi qrupun rəhbəri dedi ki, qarşılıqlı əməkdaşlıq kontekstində Vyetnamla Azərbaycan arasında olan münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Ekstremal şəraitdə Vyetnam parlamentinin Azərbaycan parlamentinə 20 min tibbi maska göndərməsi bunun bariz nümunəsidir”, - deputat əlavə edib.

Deputat qeyd edib ki, hələ sovet dövründə minlərlə vyetnamlı gənc Azərbaycanın ali məktəblərində təhsil alıb. Onlardan bir çoxu hazırda Vyetnamda yüksək postları, məsul vəzifələri tuturlar, Milli Assambleyanın deputatı olanlar var: “Həmin şəxslər Azərbaycanın məzunu kimi ölkəmizlə daim səmimi dostluq əlaqələri saxlayırlar. Azərbaycan parlamentinin 100 illik yubileyində də Vyetnam parlamenti böyük nümayəndə heyəti ilə iştirak etdi”.

Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov Milli Məclisin Sədri Sahibə Qafarovanın imzaladığı təşəkkür məktubunu Vyetnam Sosialist Respublikası Milli Assambleyasına çatdırılması üçün XİN nümayəndələrinə təqdim edib. 

İlkin Məmmədov bildirib ki, Milli Məclisin Sədri bu dəstək addımını COVID-19 pandemiyası ilə qlobal miqyasda mübarizə aparıldığı dövrdə Azərbaycan və Vyetnam xalqları arasında olan dostluğun və həmrəyliyin nümayişi kimi qiymətləndirib və vyetnamlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.


Create Account



Log In Your Account