May 28 2021 12:18
Elshad Aliyev
Views: 90

Kürdəmirdə rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə videokonfrans keçirilib. Videokonfransda rayon icra hakimiyyətinin məsul işçiləri, YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilatının sədrləri, rayon ziyalıları, ağsaqqallar və gənc fəallar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransı rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli açaraq 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə iştirakçıları təbrik edib. V.Əsgərli vurğulayıb ki, müsəlman Şərqində yaradılan ilk demokratik cümhuriyyət dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin məntiqi davamı idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətçilik atributlarının qəbul edilməsi, dövlət və hərbi quruculuq, təhsil, mədəniyyət sahəsində görülən işlər xalqımız tərəfindən daim rəğbətlə xatırlanır. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət modeli idi. Bu nümunəvi model sonralar dövlət müstəqilliyi əldə etmiş cümhuriyyətlər üçün də örnək oldu. Xalq Cümhuriyyətinin ömrü uzun olmadı və 23 aydan sonra süqut etdi. Ancaq Respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, müdafiə etmək onu əldə etməkdən daha da çətindir.

Videokonfransda YAP rayon təşkilatı gənclər birliyinin sədri Rauf Abuşov “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti”, Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ramil Əhmədov “28 May İstiqlal günümüzdür”, Atakişili kənd tam orta məktəbinin tarix müəllimi Səidə Dadaşova “Bir kərə yüksələn bayraq bir daha enməz”, şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Gülbəniz İbrahimova “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının Azərbaycan dövlətçiliyində rolu” mövzularında çıxış ediblər. Çıxışlarda, habelə Azərbaycan xalqının 1993-cü ildə ümummilli lider Heydər Əliyevə üz tutduğu, o çətin günlərdə yenidən Azərbaycanda rəhbərliyə qayıdaraq, ölkəni ağır bəladan qurtardığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Ulu Öndərin uzaqgörən siyasəti sayəsində Azərbaycan nəinki bölgədə, dünyada ən dinamik və sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Bu gün Azərbaycanda Heydər Əliyevin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası dahi öndərin siyasi davamçısı, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində daim tərəqqi edir, çiçəklənir, öz müstəqilliyini möhkəmləndirir.


Create Account



Log In Your Account