Dec 28 2017 10:34
Ferah Sabirqizi
Views: 1496

Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin işğalından 26 il ötür. Ermənistan silahlı qüvvələri 1991-ci il dekabrın 28-də Azərbaycanın bu qədim məskənlərini ələ keçirib. Xankəndidən sonuncu azərbaycanlı ailələr də məhz həmin gün qovulub. Beləliklə də, 1989-cu ildən burada azərbaycanlılara qarşı aparılan etnik təmizləmə başa çatıb.

Xankəndinin tarixi 18-ci əsrin axırlarına təsadüf edir. Bu şəhər Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınıb. Elə şəhərin adı da buradan yaranıb. 1813-ci ilədək burada bir nəfər də erməni yaşamayıb. Sonralar çar Rusiyası Xankəndidə etnik təmizləmə siyasəti aparıb və İrandan köçürülən ermənilər şəhərə yerləşdirilib. Sovet ittifaqı dövründə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib. Xankəndidə erməni ailələrinin sayı süni surətdə artırılıb. 1923-cü ildə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Bundan sonra vilayətin erməniləşdirilməsi siyasəti aktivləşib. 1923-cü il oktyabrın 6-da ermənilərin müraciətinə əsasən, Xankəndinin adı dəyişdirilərək, Azərbaycan xalqına qarşı soyqırım törətmiş Stepan Şaumyanın adı verilib. Bundan sora şəhər Stepanakert adlandırılıb. Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilib. Xankəndinin erməniləşdirilməsi istiqamətində addımlar atılıb.

Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub. 150 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Şəhid olanlardan 3-ü qadın, 2-si azyaşlı uşaqdır. İşğal nəticəsində Xankəndində iki orta məktəb, uşaq bağçası, kitabxana, klub, ATS, tibb ambulatoriyası, on dükan, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyekti dağıdılıb.

Erməni separatçılarının 1988-ci ildən həyata keçirdiyi işğalçı siyasət nəticəsində, Azərbaycanın əzəli və ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal olunub. 1 milyona yaxın azərbaycanlı doğma yurd-yuvasından didərgin düşüb. Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan bu insanlar dünya birliyini 25 ildən çoxdur davam edən erməni işğalına göz yummamağa, işğala son qoymaq üçün Ermənistana təzyiq göstərməyə çağırırlar.


Create Account



Log In Your Account