Nov 27 2019 13:08
Elshad Aliyev
Views: 282

Hər il Azərbaycanda təhsil sisteminə təxminən 70 min vətəndaş daxil olur. Ancaq onlardan təxminən 50 mini təhsilini davam etdirmir və sözsüz ki, əmək bazarında da özünə layiqli iş tapa bilmir. Burada da layiqli iş tapa bilmədikdə, onlar hansısa yollarla xaricə gedirlər. Həmin ölkələr isə bu şəxsləri kvalifikasiyasız olduğu üçün geri qaytarırlar.

Trend-in məlumatına görə, bunu "Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında artan tərəqqi" adlı layihənin nəticələrinə həsr olunmuş konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov bildirib.

Onun sözlərinə görə, belə halların olmaması üçün gəncləri təhsillərini davam etdirməyə təşviq etməliyik.

E.Süleymanov qeyd edib ki, hazırda iqtisadi fəal əhalinin yalnız 33 faizinin kvalifikasiyası var: "Kvalifikasiyasız işçi qüvvəsi heç kimə lazım deyil. Bəzi insanlar kvalifikasiyası olmadığına görə əmək bazarına daxil ola bilmirlər. Azərbaycanda hər il yetkinlik yaşına çatan 140-150 min gəncin təqribən 20 mini nə əmək bazarına daxil olur, nə də təhsilini davam etdirir. Əfsuslar olsun ki, bunların əsas hissəsini qızlar təşkil edir. Təəssüf ki, Azərbaycanın bəzi bölgələrində qızları tez ərə verir, ya da ailə qurmağa hazırlayırlar".

Şöbə müdirinin sözlərinə görə, vacib məsələ odur ki, hökumət mövcud problemləri həll edir, bununla bağlı strategiya mövcuddur.

E.Süleymanov Azərbaycanda demoqrafik vəziyyətin müsbət olduğunu da söyləyib.


Create Account



Log In Your Account