Feb 20 2020 10:00
Elshad Aliyev
Views: 51

Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyində “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin tələbələrinə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş ingilis dilində açıq dərs keçilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə tələbələrə mədəniyyət müəssisəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə yaradılan, 500 eksponatla fəaliyyətə başlayan Şəhidlər Muzeyinin adı 2000-ci il avqustun 8-də dəyişdirilərək “Xatirə Muzeyi” adlandırılıb. Hazırda burada 2000-dən çox eksponat var. Muzeyin ekspozisiyası xronoloji ardıcıllıqla qurulub. 1918-ci il 31 mart, 1990-cı il 20 Yanvar, 1992-ci il 26 fevral faciələri ilə bağlı ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamların surətləri qiymətli sənədlər kimi muzeydə xüsusi yerə malikdir.

Vurğulanıb ki, muzeydə ermənilərin Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə törətdikləri soyqırımlarını əks etdirən tarixi sənədlər, şəkillər, hadisələri tarixi faktlarla oxuculara çatdıran qiymətli kitablar var.

Daha sonra “Naxçıvan” Universitetinin Xarici dillər kafedrasının müəllimi Elmira Hüseynova tərəfindən Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş dərs keçilib.

Sonda tələbələrin sualları cavablandırılıb.


Create Account



Log In Your Account