Apr 22 2020 16:57
Elshad Aliyev
Views: 77

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın ölkəyə geri qayıdışı ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məlumatda deyilir: “Məlum olduğu kimi, Rusiya Federasiyasında müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımızın geri qayıdışını təmin etmək məqsədilə www.evegedirem.info xüsusi portalı yaradılıb. Bu portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq vətəndaşlarımızın əvvəlcədən məlumatlandırılmaqla ölkəyə geri dönüşü təmin edilir.

Son günlərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi, eləcə də Rusiyanın aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və əməkdaşlıq çərçivəsində bir qrup vətəndaşımızın sərhəd keçid məntəqəsində əvvəlcədən təyin edilmiş xüsusi dəhliz vasitəsilə ölkəyə qayıdışı təmin edilib. Ümumilikdə, aprelin 20-dən etibarən sərhədi 548 nəfər keçib və geri qayıdan bütün vətəndaşlar müəyyən olunmuş müddətə karantinə yerləşdirilib.

Xatırladırıq ki, “Evə gedirəm” portalında qeydiyyatdan keçmiş şəxslər növbəti keçidin tarixi barədə telefon zəngi və ya SMS vasitəsilə əvvəlcədən məlumatlandırılacaqlar.

Rusiya Federasiyası ərazisində olan və xüsusi portalda qeydiyyatdan keçmiş vətəndaşlarımızın qabaqcadan sərhəd keçid məntəqələrinə və hava limanına gəlməsinə heç bir zərurət yoxdur. Onlara öz yaşayış yerlərində qalmaq və müvafiq məlumatı gözləmək tövsiyə olunur.


Create Account



Log In Your Account