Nov 04 2019 11:06
Elshad Aliyev
Views: 18

"Azərbaycan, sülh və dövlət quruculuğu prosesi, həmçinin ölkənin sabitliyinin təmin olunmasını diqqət mərkəzində saxlayaraq, Somali ilə tam həmrəyliyini bir daha bəyan edir, Somali Federal Hökumətinə tam dəstəyimizi bildiririk. Əl-Şəbaab döyüşçülərinin qalıqları tərəfindən törədilən bütün terror aktlarını və zorakı ekstremizmi qətiyyətlə pisləyirik və onları sülh və barışıq prosesinə qoşularaq ağıl səsini dinləməyə və zorakılıqdan imtina etməyə çağırırıq".

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında bildirib.

Onun sözlərinə görə, kövrək bir dövlət olaraq Somali, bütün sahələrdə, xüsusən də potensialın artırılması, dövlət və təsisatların qurulması, məşğulluğun yaradılması, yoxsulluğun azaldılması, sosial-iqtisadi inkişaf, milli barışıq, həmçinin ölkə və bölgə üçün təhlükə yaradan zorakı ekstremizmə və terrorizmə qarşı mübarizədə kütləvi yardıma ehtiyac duyur: "Somalidə təhlükəsizliyin gələcəyinə nail olmaq üçün idarəetmə və idarəetmə qurumları çox diqqətli və bir yerdə olmalıdırlar, həmçinin lazımsız yayındırmaların qarşısını almalıdırlar. Somalidə prezident Məhəmməd Abdullahi Məhəmməd seçildiyi vaxtdan etibarən, Somalilər arasında barışıq, sabitlik, təhlükəsizlik, iqtisadi artım və firavanlıq əldə edilməsində və bütün qadınlar, kişilər və gənclər üçün əlverişli təmsilçiliyin təmin edilməsində tərəqqini təqdir edirik".

"Somali Federal Hökumətinə çətinliklərin öhdəsindən gəlmək, barışıq əldə etmək və etibarlı, sabit, birləşmiş, demokratik və firavan bir dövlət qurmaq səylərində dəstəyimizi bildirmək istərdim. Somalidə sülh və milli barışığın əldə edilməsinə və bu ölkədəki humanitar böhrandan əziyyət çəkən insanların təcili ehtiyacları üçün yardımın səfərbər edilməsinə İslam Əməkdaşlıq Təşkilatı və bu təşkilata üzv ölkələrin verdiyi töhfələri və səylərini təqdir etmək istərdim",- E.Məmmədyarov vurğulayıb.


Create Account



Log In Your Account