Feb 21 2017 17:14
Ulviyye Sabirqizi
Views: 1217

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Xocalı Soyqırımı” adlı kitab orijinal dizayn və nəfis tərtibatla Azərbaycan, ingilis, rus, fransız, alman, ispan və ərəb dillərində çap edilib.

Dövlət Komitəsindən CBC-yə bildirilib ki, kitabdakı bölmələrdə Azərbaycan ərazilərinin işğal tarixi, Ermənistanın təcavüzünün nəticələri barədə məlumat, xəritə, işğal nəticəsində dağıdılmış obyektlər və dəymiş ziyan haqqında müfəssəl məlumatlar verilib.

Kitabın əsas bölümündə Xocalı rayonunun tarixi və işğaldan əvvəlki dövrü, ermənilər tərəfindən Xocalıda törədilmiş vəhşiliklər, soyqırım zamanı həlak olanlar, itkin düşənlər, əsir və girov götürülənlər haqqında ətraflı məlumat daxil edilib. Bundan başqa, kitabda həmin günlərdə Xocalı soyqırımına dair dünya mətbuatında dərc olunan yazılar və xarici jurnalistlərin faciə haqqında fikirləri də yer alıb. Kitabda həmçinin Heydər Əliyev Fondunun və  “Xocalıya ədalət” kampaniyasının Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması ilə bağlı fəaliyyəti, bununla bağlı dünyanın bir sıra ölkələrində soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidələr haqqında da məlumat verilir.

İki min nüsxə tirajla buraxılmış kitab prezident İlham Əliyevin tapşırığına əsasən, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə ölkəmizdə və xaricdə müntəzəm olaraq təşkil edilən beynəlxalq tədbirlərdə, həmçinin ölkəmizdə səfərdə olan xarici ölkələrdən olan nümayəndə heyətləri ilə keçirilən görüşlər zamanı paylanılacaq.

 


Create Account



Log In Your Account