Feb 25 2020 15:50
Elshad Aliyev
Views: 87

Latviyanın paytaxtı Riqa şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Latviyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin dövlət, elm və mədəniyyət xadimləri, diplomatik nümayəndəliklərin rəhbərləri, habelə yerli və xarici tələbələr iştirak ediblər.

Əvvəlcə ölkəmizin müstəqilliyi uğurundan canından keçən qəhrəman Vətən övladlarının və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov çıxış edərək xüsusi və ağlasığmaz qəddarlıqla törədilmiş bu soyqırımı aktının Ermənistanın hərbi işğal və etnik təmizləmə siyasətinə xidmət etdiyini diqqətə çatdırıb. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması prosesi və bu xüsusda bir sıra ölkələrin parlamentləri tərəfindən qəbul edilmiş müvafiq qərar və bəyanatlardan geniş bəhs edən səfir 2015-ci il fevral ayının 26-da Latviya Seymində də Xocalı soyqırımı ilə əlaqədar müvafiq bəyanatın qəbul edildiyini xatırladıb. Bildirib ki, Seymin 53 deputatının imzası ilə qəbul edilmiş bəyanatda bu faciə insanlıq əleyhinə cinayət olaraq tanınıb. Nümayiş etdirilən belə həmrəyliyə görə Latviya xalqına təşəkkürünü bildirən diplomat belə faciələrin tarixdə bir daha təkrarlanmaması üçün beynəlxalq səyləri birləşdirməyin vacibliyini vurğulayıb. Səfir Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qaytarılması üçün Latviya və dünya ölkələrinin parlamentləri tərəfindən müvafiq bəyanat və çağırışların qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. O, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bu il Almaniyanın Berlin şəhərində keçirilmiş Ümumavropa Qarabağ mitinqində Latviyadan olan azərbaycanlıların iştirakının təşkil edilməsinə görə Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvlərinə təşəkkür edib.

Baltikyanı Ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının latviyalı üzvü, tədbirin təşkilatçısı Elnur Rəhimov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımı barədə geniş məlumat verib.

Sonra tədbir iştirakçıları Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filminə baxıblar. Hadisənin canlı şahidi, o zaman Litva Respublikasından olan hərbi müxbir Riçard Lapaitsin işıqlandırdığı faktlar – çoxsaylı video və foto materiallar əsasında çəkilmiş filmdə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda insanlıq əleyhinə törədilmiş hərbi cinayətlərdən geniş bəhs edilib.

Tədbirin yekununda soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib. Həmçinin tədbir iştirakçılarına Xocalı qətliamı ilə məlumatlandırıcı broşürlər paylanılıb.

Qeyd edək ki, “Sonsuz dəhliz” sənədli filmi Riqanın “K.Suns” kinoteatrında iki gün nümayiş olunub.

 


Create Account



Log In Your Account