Feb 23 2021 17:27
Elshad Aliyev
Views: 31

Xocalı soyqırımı qurbanlarının xatirəsi Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda da ehtiramla yad olunub.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə “28 il 9 ay - Xocalı soyqırımından Şuşanın azadlığınadək” adlı mərasim keçirilib.

Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsinə yaradılmış fotoguşə ilə tanış olublar. Üzərində “Xocalıya ədalət!” yazılmış köynəklər geyinən gənclər Xocalı faciəsi barədə məlumat veriblər.

GAİM-in icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbətov tədbiri açdıqdan sonra Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad olunub, şəhidlərimizin ruhuna dualar oxunub.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək Xocalı soyqırımının səbəbləri və acı nəticələri barədə məlumat verib. O, ermənilərin Xocalıda törətdiyi vəhşiliyi insanlığa qarşı yönəlmiş cinayət adlandırıb. Diplomat Xocalı faciəsinin dünyada tanıdılması və bu faciəyə hüquqi-siyasi qiymətin verilməsi, dünya birliyinin onu soyqırımı kimi tanıması istiqamətində Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, eləcə də Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan beynəlxalq hüququn verdiyi bütün imkanlarından istifadə edərək öz torpaqlarının işğalına son qoyub. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan təkcə torpaqlarını işğaldan azad etməyib, eyni zamanda, tarixi ədaləti bərpa edib. E.Bayramov Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbəni zülm və kabus üzərində tarixi Zəfər adlandırıb.

GAİM-in icraçı direktoru R.Hümbətov Azərbaycanın regionda və dünyada sülhsevər ölkə olduğunu bildirib. Deyib ki, Azərbaycanın müharibə nəticəsində bir neçə rayonu bir güllə atmadan azad etməsi bunun əyani sübutudur.

Sonra Gürcüstan parlamentinin sabiq deputatı, tarixçi alim Mahir Dərziyev “Xocalı faciəsinin təkrarlanmaması üçün davamlı sülhün əldə olunması yolları” mövzusunda məruzə ilə çıxış edib.

Xocalı soyqırımının əsas mahiyyəti barədə geniş məlumat verən natiq deyib ki, hər bir xalqın şanlı tarixi, qəhrəmanlıq səhifəsi və qanlı keçmişi olur. Azərbaycan dövlətinin keçmişi və bu günü hamımızın qürur mənbəyidir.

M.Dərziyev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qələbəsinin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycanın Laçın dəhlizini birdəfəlik bağlamaması Prezident İlham Əliyevin müdrikliyini, humanistliyini və sülhsevər bir lider olduğunu sübut edir.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq, abadlıq və bərpa işlərindən bəhs edən M.Dərziyev deyib: “Ermənistan rəhbərliyi başa düşməlidir ki, Qarabağ ermənilərinin nicatı onların Azərbaycan qanunları çərçivəsində yaşamalarındadır. Ermənilər Dağlıq Qarabağın Azərbaycanın olduğunu qəbul etməlidirlər”.

O, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının bölgədə nümunə olduğunu vurğulayıb. Digər dövlətlərin də bundan ibrət götürməsinin vacibliyini qeyd edib.

Sonra Gürcüstan parlamentinin keçmiş deputatı Ruslan Hacıyev və başqaları çıxış edərək Xocalı faciəsi barədə fikirlərini bölüşüblər.

Sonra məruzə ətrafında çıxışlar olub.


Create Account



Log In Your Account