Feb 18 2017 12:00
Ulviyye Sabirqizi
Views: 1859

Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, Xəzər dənizində itkin düşmüş neftçilərin müəyyən edilən sektorlar üzrə axtarış əməliyyatları davam etdirilir.

Qərargahdan CBC-yə verilən məlumata görə, həyata keçirilən axtarış əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu “Pirsaat” qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyiti aşkarlanıb.

Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, dünən Ələt qəsəbəsi ərazisində Hamamdağ deyilən ərazi yaxınlığında balıqçılar tərəfindən meyit tapılıb. Xəzərdə itkin düşmüş neftçilər Güloğlan və Azay Zülfüqarov qardaşlarının yaxın qohumu Hacı Qayıbov bildirib ki,  meyiti aşkarlayan balıqçı onların qəsəbəsində yaşayır.

H.Qayıbovun sözlərinə görə, tapılan meyitin kimə məxsus olduğu barədə qəsəbə sakinlərinə heç bir məlumat verilməyib:

"Bizə bildirdilər ki, meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparırlar. Araşdırmadan sonra dəqiq məlumat bilinəcək. Amma meyiti aşkarlayan balıqçının dediyi əlamətlərə görə, tapılan itkin düşən neftçilərdən biridir. Tanıyanlar deyir ki, həmin əlamətlər "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsində operator işləyən Sumqayıt sakininə uyğun gəlir".

Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Onlardan yalnız İlham Qafarov və Həsənağa Hacıəliyevin meyitləri tapılaraq ailələrinə təhvil verilib.

 


Create Account



Log In Your Account