Jan 25 2017 10:59
Ulviyye Sabirqizi
Views: 1428

Xəzər üzrə növbəti sammitdə dənizin hüquqi statusu müəyyənləşdirilə bilər.

CBC-nın məlumatına görə, bunu Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun Bakıda keçirilən 48-ci iclasında işçi qrupunun Azərbaycandan olan rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, Konvensiya layihəsi üzrə böyük iş görülüb:

"Dənizin yekun statusu ilə bağlı bir sıra məsələlər üzrə razılaşmanın əldə olunması üçün səyləri birləşdirmək lazımdır. Danışıqlar prosesi çərçivəsində Konvensiya layihəsi müddəalarının razılaşdırılması, eləcə də Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığı üzrə mühüm işlər görülüb".

X. Xələfov qeyd edib ki, Xəzər dənizi iqtisadi inkişafa, Xəzər regionu ölkələrinin xalqlarının rifahına və dünya enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.

"Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının hasilatı və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya mühitinin bundan sonra da yaxşılaşdırılması,  etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin mühüm prioritetləri kimi qalmaqda davam edir.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanması Xəzəryanı dövlətlərin müxtəlif sahələr üzrə bundan sonrakı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına yönəlmiş daha səmərəli tədbirlərin görülməsinə xidmət edəcək.
 

 


Create Account



Log In Your Account