Nov 11 2017 12:30
Ferah Sabirqizi
Views: 30

Noyabrın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü münasibətilə ağacəkmə kampaniyasına başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən kampaniya “Hərəyə bir ağac əkək” devizi altında keçirilir.

Tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, YAP-ın çoxsaylı üzvləri, deputatlar, ictimaiyyətin nümayəndələri, o cümlədən fəal gənclər iştirak ediblər. Zirə-Qala yolunda keçirilən genişmiqyaslı iməcilikdə 25 minə qədər müxtəlif növ ağac və kollar əkilib.

Əli Əhmədov jurnalistlərə müsahibəsində bildirib ki, Yeni Azərbaycan Partiyası hər il müxtəlif aksiyalar keçirir. Bu aksiyalar içərisində Bakı şəhərində yaşıllaşdırma, ağacəkmə kampaniyalarının keçirilməsi mühüm yer tutur. Partiyamız 700 mindən çox Azərbaycan vətəndaşını öz ətrafında birləşdirir. Bütün bölgələrimizi əhatə edəcək bu kampaniya müddətində də ümumilikdə 700 mindən çox ağacın və bəzək bitkisinin əkilməsi nəzərdə tutulub. Biz ayrı-ayrı vaxtlarda Bakının müxtəlif guşələrində çoxlu sayda ağaclar əkmişik. YAP-ın bu ənənəsinin artıq böyük bir tarixi var. Ağacəkmə kampaniyası ölkəmizdə ekologiyanın qorunub saxlanmasında mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyev ətraf mühitin qorunmasına, yaşıllıqların salınmasına xüsusi diqqət yetirirdi. Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə böyük önəm verir. Çünki təmiz ekologiya, təbiət hər bir insanın sağlamlığı üçün çox vacibdir və bu işə mühüm töhfə verən kampaniyalardan biri də ağacəkmədir.

Bahar Muradova bildirib ki, Yeni Azərbaycan Partiyasının bu ənənəsi uzun illərə söykənir. Biz yaz-payız mövsümündə, eyni zamanda, əlamətdar günlərdə kollektiv olaraq Bakı şəhərinin və regionlarımızın yaşıllaşdırılması işində yaxından iştirak edirik. Azərbaycanda YAP-ın təşkilatçılığı ilə salınmış çoxsaylı parklar var. Bununla da Yeni Azərbaycan Partiyası ictimai-siyasi həyatımızda olduğu kimi, ekoloji sahədə də səmərəli fəaliyyətini davam etdirir. Bu aksiya ilə partiya üzvləri cəmiyyət üçün bir nümunə göstərirlər.

Aksiyanın ən azyaşlı iştirakçısı Nigar Quliyeva bu gün 7 ağac əkdiyini deyib. Əkdiyi ağacların böyüyüb insanlara təmiz hava bəxş edəcəyinə görə çox sevindiyini bildirən Nigar cəmiyyətə fayda verməyin gözəl hiss olduğunu deyib.


Create Account



Log In Your Account