Mar 13 2020 09:20
Elshad Aliyev
Views: 31

Yaponiya hökumətinin rəsmi nümayəndələri yeni koronovirusla mübarizədə çatışmazlığı aradan qaldırmaq üçün ehtiyatda saxlanılan 2,5 milyondan çox tibbi maskanı səhiyyə müəssisələrinə göndərəcək.

AZƏRTAC xəbər verir ki, hökumət təbii fəlakətlər və digər fövqəladə vəziyyətlərlə əlaqədar nazirliklərdə və digər idarələrdə saxlanılan 6,4 milyon ədəd tibbi maskanı ümumi istifadə üçün götürmək barədə qərar qəbul edib.

Həmin tibbi maskaların Tokiodakı anbarlardan birinə yığıldığı bildirilir. Müdafiə Nazirliyindən göndərilən həmin qoruyucu vasitələr martın 12-də anbara daxil olub. Özünümüdafiə qüvvələrinin əsgərləri hər birində 2 min ədəd maska olan qutuları anbara boşaldıblar.

Həmin maskalar prefekturaların administrasiyaları vasitəsilə səhiyyə müəssisələrinə göndəriləcək. Cari həftənin sonlarından başlayaraq maskaların səhiyyə müəssisələrinə çatdırılacağı qeyd edilir.

Əlavə olaraq qeyd edək ki, artıq bir aydan çoxdur hökumətin vədlərinə baxmayaraq Yaponiyada tibbi maskaların kəskin çatışmazlığı hiss olunur. Hökumət martda 600 milyon, o cümlədən xaricdən gətirilən maskanın satışa çıxarılacağını vəd etsə də, hələlik konkret nəticə yoxdur.


Create Account



Log In Your Account