Feb 26 2020 12:21
Elshad Aliyev
Views: 50

Yaponiya mətbuatı Azərbaycan paralimpiya komandasının “Tokio-2020” Paralimpiya Oyunlarına hazırlıq məqəsədilə İşikava prefekturasının Şaki şəhərini seçməsinə xüsusi diqqətlə yanaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə Şaki şəhər meriyası arasında anlaşma memorandumunun imzalanması, hazırlıqla əlaqədar aparılan müzakirələr İşikava prefekturasının yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb. NHK telekanalanın yerli bürosu və “Chunichi shimbun” qəzeti görüş və əldə edilən razılaşma barədə xüsusi süjet və məqalə yayıblar.

Həmin materiallarda qeyd edilir ki, Azərbaycan paralimpiyaçıları “Tokio-2020” Yay Paralimpiya Oyunlarına Yaponiyanın İşikava prefekturasının Şika şəhərində təşkil ediləcək “Host town” proqramı çərçivəsində hazırlaşacaqlar. AMPK-nın şöbə müdiri Rüfət Hacılının sözlərinin sitat gətirildiyi materiallarda deyilir: “Azərbaycan idmançılarının Şaki şəhərini seçməsinin səbəbi burada hazırlıq üçün çox əlverişli şəraitin olmasıdır. Eyni zamanda, Şaki şəhərinin Yapon dənizi sahilində yerləşməsi idmançılarımıza doğma Bakını xatırladacaq və onlar özlərini sanki evdəki kimi hiss edəcəklər”.

Məqalələrdə Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərilməsi nəticəsində paralimpiyaçılarımızın müxtəlif yarışlarda böyük nailiyyətlər əldə etdikləri barədə məlumatlar da əksini tapıb.

Mer M.Koizumi isə bildirib ki, Şika şəhərini Azərbaycan, o cümlədən bu ölkənin idmançıları ilə sıx dostluq əlaqələri birləşdirir. Belə ki, Azərbaycanın milli güləş komandası dəfələrlə bu şəhərə gələrək Yaponiyada keçirilən beynəlxalq yarışlara hazırlaşıb, burada keçirilən təlim-məşq toplanışlarına qatılıb. Bu dəfə isə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə azərbaycanlı paralimpiyaçıların “Tokio-2020” Paralimpiya Oyunlarına qatılması ərəfəsində Şikada hazırlıq keçmələri barədə razılıq əldə edilib. Yarışlara yüksək səviyyədə hazırlaşmaları üçün azərbaycanlı idmançılara hər cür şəraitin yaradılacağını qeyd edən mer şəhər sakinlərinin atletlərimizi salamlamaqdan məmnun olacaqlarını bildirib.

Məqalələrdə qeyd edilir ki, Tokiodakı Atletlər kəndinin açılışından 8 gün əvvəl - avqustun 10-da yığma komandamız Şika şəhərində cüdo, taekvando, pauerliftinq, kamandan oxatma, üzgüçülük və atletika üzrə ümumilikdə 50 nəfərlik heyətlə təlim-məşq toplanışında iştirak edəcək. Avqustun 18-dən sonra isə komandamız Tokiodakı Atletlər kəndinə köçəcək.

 


Create Account



Log In Your Account