Apr 28 2021 16:11
Elshad Aliyev
Views: 88

Yaponiyanın Azərbaycandakı səfiri Cüniçi Vada Lənkəranda səfərdə olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranda olan Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cüniçi Vada Heydər Əliyev Xatirə Parkına, Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib, “Laran” MMC qənnadı fabrikində, Girdəni kəndindəki “Green East” MMC-nin çəltik sahələrində və çəltik emalı zavodunda, İstisu qəsəbəsindəki “Yaşıl Çay” fermer təsərrüfatının çay plantasiyasında iş prosesi ilə tanış olub. Həmçinin Hirkan Milli Parkını, Bürcəli kəndindəki sitrus meyvə bağlarını gəzib, Hirkan-Daşdatük-Biləsər yolu ilə Xanbulançay gölünə gedib.

Səfir cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. İcra başçısı hörmətli qonağa Lənkəranın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Lənkəranda çayçılıq, çəltikçilik və sitrusçuluq kimi ənənəvi kənd təsərrüfatı sahələrinin  yüksək səviyyədə inkişaf etdiyini söyləyən T. Qaraşov rayonun həm də özünün qədim tarixi-memarlıq abidələri ilə məşhur olduğunu bildirib. 

Görüş zamanı Yaponiya Hökumətinin qrant yardımı proqramı çərçivəsində ölkəmizdə, xüsusilə də Lənkəran rayonunda məktəb tikintisi, su xətti çəkilişi və digər sosialyönümlü layihələri barədə də söz açılıb. İcra başçısı vətəndaşların bu layihələrin icrasını müsbət qiymətləndirdiyini vurğulayaraq, belə humanitar tədbirlərin bundan sonra da davamlı xarakter daşıyacağına əminliyini ifadə edib.

Görüşdə birgə əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılıb.


Create Account



Log In Your Account