Dec 24 2019 15:43
Elshad Aliyev
Views: 106

Dekabrın 24-də Yaponiyanın Baş Naziri Şinzo Abe və Cənubi Koreya Prezidenti Mun Ce-in 15 aylıq fasilədən sonra Çinin Çendu şəhərində ilk rəsmi görüşlərini keçiriblər.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, liderlərin bu görüşü tərəflər arasında müharibə zamanı məcburi əmək və ticarət problemləri ilə əlaqədar yaranmış gərginliyin aradan qaldırılması istiqamətində mühüm addım hesab edilir.

Bildirilir ki, təqribən 45 dəqiqə davam edən görüş ərzində liderlər yaranmış problemin həlli istiqamətində konkret irəliləyişə nail ola bilməsələr də, dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edilir ki, Şinzo Abe Mun Çe-ini Cənubi Koreya məhkəməsinin yapon şirkətlərinin müharibə vaxtı məcburi əməyə görə kompensasiya ödəməsi barədə qərarından irəli gələn problemlərin həlli üçün operativ tədbirlər görməyə çağırıb.

Cənubi Koreya Prezidenti isə bunun cavabında problemin həlli ilə bağlı yaxın zamanlarda konkret addımlar atılacağını bildirib.

Görüş zamanı bu iki qonşu dövlətin düşdükləri dalandan çıxması və Şimali Koreyanın yaratdığı təhlükə fonunda sıx əməkdaşlığı bərpa etmək istiqamətində fəaliyyəti barədə fikirlərə xüsusi diqqət yetirilib.

Ş.Abenin sözlərini sitata gətirən Kyodo agentliyi yazır: “Yaponiya və Cənubi Koreya üçün ABŞ ilə birgə fəaliyyəti əlaqələndirərək Şimali Koreyanın hərəkətlərinə, eyni zamanda, digər təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsi çox zəruridir. Mən Yaponiya ilə Cənubi Koreya arasında bu mühüm münasibətləri yaxşılaşdırmağa və sizinlə bu barədə açıq fikir mübadiləsi aparacağımıza ümid edirəm”.

Mun Çe-in bunun cavabında deyib ki, qarşılıqlı maraq doğuran istənilən məsələnin ən yaxşı həll yolu üz-üzə əyləşərək müzakirələr aparmaqdır. İki ölkə arasında çətin dövr olsa da, onları bir-birindən ayırmaq mümkün deyil.

Xatırladaq ki, Yaponiya və Cənubi Koreya liderləri artıq iki gündür ki, Çinin Baş Naziri Li Keçyanla üçtərəfli görüşdə iştirak etmək üçün Çinin Çendu şəhərindədirlər.

Qeyd edək ki, Yaponiya və Cənubi Koreya liderlərinin son sammiti ötən ilin sentyabrında, Cənubi Koreya məhkəməsinin məcburi əməklə bağlı qərarından əvvəl keçirilib.

Həmin qərara əsasən kompensasiya ödənməsi məsələsi ilə Yaponiya tərəfinin razılaşmaması iki qonşu dövlət arasında münasibətləri son illərin ən aşağı həddinə salıb. Liderlərin sammiti ərəfəsində hər iki tərəfdən həm parlament, həm də nazirliklər səviyyəsində münasibətlərin normallaşmasına cəhdlər göstərilib.

Belə ki, Cənubi Koreya parlamenti ötən həftə Cənubi Koreya və Yaponiya şirkətlərinin iştirakı ilə xüsusi fondun təsis olunması və buraya müharibə dövrü məcburi əməyə cəlb edilənlər üçün vəsaitin toplanması barədə qanun layihəsi ilə çıxış edib.

Bununla yanaşı, Yaponiya tərəfi dekabrın 23-də yarımkeçiricilər və displeylər üçün Cənubi Koreyaya ixrac edilən üç məhsula nəzarətin yumşaldılması barədə qərar qəbul edib.

Çinə yola düşməzdən əvvəl jurnalistlər qarşısında çıxış edən Ş.Abe bildirib ki, Cənubi Koreya dövlətlər arasında əldə edilən razılaşmaya əməl etməlidir.

Rəsmi Tokionun mövqeyinə əsasən, kompensasiyalar barədə məsələ 1965-ci ildə imzalanmış ikitərəfli müqavilə ilə tənzimlənib. Buna görə də Seul məhkəmənin həmin müqavilənin şərtlərini pozan qərarı barədə tədbirlər görməlidir. Bundan əlavə, Yaponiya tərəflər arasında mübahisəni üçüncü ölkənin qatıldığı arbitraj məhkəməsi yolu ilə həll etməyə çalışsa da Seul bu sorğuya cavab verməyib.

Cənubi Koreya rəhbərliyinin mövqeyinə görə isə, hakimiyyət bölgüsü onun əllərini bağlayıb və buna görə də kompensasiya üçün vəsait hər iki tərəfi təmsil edən şirkətlər tərəfindən ödənməlidir. Lakin Tokio bu təklifi qəbul etməyib.

Cənubi Koreya parlamentinə təklif edilən qanun layihəsi şirkətlər tərəfindən vəsaitin “könüllülük əsasında” ödənilməsini nəzərdə tutur. Lakin Yaponiya şirkətlərinin bu təşəbbüsə cavabı da naməlum qalır.

Tokio ilə Seul arasında artan gərginlik hər iki tərəfin müttəfiqi olan Vaşinqton tərəfindən müəyyən müddət təmkinlə izlənsə də, noyabrda hərbi kəşfiyyatla bağlı paktın iflası təhlükəsi yarandıqdan sonra artıq ABŞ da məsələyə qarışıb. Məhz bundan sonra Seul həmin paktla bağlı qərarına yenidən baxıb.

Bütün bunları nəzərə alaraq, demək olar ki, liderlərin son görüşü tərəflər arasında yaranan gərginliyi aradan qaldırmaq və münasibətləri normal həddə çatdırmaq üçün müəyyən irəliləyişə şərait yarada bilər.

 


Create Account



Log In Your Account