May 20 2020 14:14
Elshad Aliyev
Views: 45

Yaponiya və Qazaxıstan arasında koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə əməkdaşlıq davam etdiriləcək.

Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinə verilən məlumata görə, bu barədə razılaşma iki ölkənin Xarici İşlər nazirləri Toşimitsu Moteqi və Muxtar Taluberdi arasında keçirilən telefon danışığı zamanı əldə edilib.

Bildirilir ki, mayın 20-də baş tutan və təqribən 25 dəqiqə davam edən telefon danışığı zamanı nazir T.Moteqi mayın 14-də Qazaxıstana göndərilən “Avigan” dərmanının kliniki sınaqlarının uğurlu olacağına əminliyini ifadə edib. Qeyd edib ki, Yaponiya tərəfi Qazaxıstanın səhiyyə sisteminə yardım məqsədilə digər lazım olan avadanlığı da təqdim etməyə hazırdır.

Yaponiya tərəfinə göstərilən köməyə görə minnətdarlığını çatdıran nazir M.Taluberdi hazırda koronavirusla mübarizə sahəsində vəziyyət və Qazaxıstan hökuməti tərəfindən görülən tədbirlər barədə məlumat verib.

Qazaxıstanda yaşayan 3 yaponun vətəninə və Yaponiyadakı 25 Qazaxıstan vətəndaşının “Avigan” dərmanı ilə birlikdə Nur-Sultandan gələn çarter reysi ilə doğma evlərinə çatdırılması təcrübəsini yüksək qiymətləndirən T.Moteqi, bunu iki ölkə arasında əməkdaşlığın yüksək nümunəsi kimi dəyərləndirib.

Hər iki nazir koronavirusa qarşı mübarizə məqsədilə informasiya mübadiləsinin və digər ölkələrlə əməkdaşlığın əhəmiyyətini qeyd edərək, bunun pandemiyanın qarşısının alınmasında mühüm əhəmiyyətə malik olduğunu bildirib.


Create Account



Log In Your Account