Apr 17 2020 17:58
Elshad Aliyev
Views: 191

Yaponiya və Türkiyə hökumətləri koronavirusa qarşı birlikdə mübarizə aparacaqlar. Bu barədə razılaşma Yaponiyanın Baş Naziri Şinzo Abe ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən telefon danışığı zamanı əldə edilib.

Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın Yaponiyadakı müxbirinə verilən məlumata əsasən, telefon danışığı aprelin 17-də yerli vaxtla saat 19:15 dəqiqədə baş tutub. Təqribən 20 dəqiqə davam edən telefon danışığı zamanı Türkiyə Prezidenti COVID-19 pandemiyasına qarşı ölkədə görülən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

Baş Nazir koronavirusa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi istiqamətində Türkiyə hökumətinin atdığı addımları alqışladığını bildirib. Öz növbəsində Yaponiyada koronavirusun qarşısının alınması istiqamətində görülən tədbirlər barədə danışıb. Qeyd edib ki, Yaponiya şirkətinin iştirakı ilə Türkiyədə inşa edilən xəstəxana layihəsi həmin virusa yoluxmuş insanların müalicəsində əhəmiyyətli rol oynayacaq.

Prezident R.Ərdoğan da öz növbəsində Yaponiya tərəfinin COVID-19 koronavirusuna qarşı mübarizədə gördüyü tədbirləri yüksək qiymətləndirib.

Telefon danışığı zamanı liderlər infeksiyanın qarşısının alınması və eyni zamanda iki ölkə arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.


Create Account



Log In Your Account