May 04 2020 11:18
Elshad Aliyev
Views: 65

Yaponiyada koronavirus pandemiyasının yayılmasına qarşı mübarizə üzrə hökumət qərargahı ölkədə fövqəladə vəziyyət rejimini mayın 31-dək uzadacaq.

AZƏRTAC xəbər verir ki, bunu Yaponiyanın İqtisadi Bərpa naziri Yasutoşi Nişimura bildirib.

“Biz ekspertlər şurasında fövqəladə vəziyyətin müddəti və yeri məsələsini müzakirə etdik. Onların rəyinə əsasən, fövqəladə rejimin mayın 31-dək uzadılması və bütün prefekturalara tətbiq olunması qərara alındı. Bu barədə rəsmi qərar qərargah tərəfindən qəbul olunacaq”, - deyə nazir vurğulayıb.

Yaponiyada son sutkalar ərzində koronavirusa yoluxma halları 400-dən 200-dək azalsa da, insanlar arasında təmasın 70-80 faizədək aşağı salınmasına nail olmaq mümkün olmayıb. Əsasən böyük şəhərlər bu rəqəmə yaxınlaşsalar da, əyalətlərdə bu göstərici 30-50 faiz arasında dəyişir. Eyni zamanda, 17 prefekturanın rəhbərliyi yeni dərs ilinin başlanması tarixini aprelə yox, digər dünya ölkələri kimi sentyabra dəyişməyi təklif edib.

Xatırladaq ki, Yaponiyada fövqəladə vəziyyət rejimi aprelin 7-də ilk olaraq yeddi prefekturada tətbiq olunub. Aprelin 18-dən isə bu status ölkənin digər prefekturalarına da ötürülüb. Artıq iki aydır ki, ölkədə parklar, konsert salonları və idman meydançaları bağlanıb. Martın əvvəllərindən isə məktəblər fəaliyyətini dayandırıb.


Create Account



Log In Your Account