Apr 23 2021 13:00
Elshad Aliyev
Views: 103

Yaponiyanın dörd prefekturasında çox güman ki, yaz tətili ikinci dəfə təxirə salınacaq və bu ərazilərdə yenidən fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın hökumət mütəxəssisləri qrupu Tokio, Osaka, Hyoqo və Kioto prefekturalarında yenidən fövqəladə vəziyyət elan olunması barədə planı bəyənib. Həmin planın tətil günləri ərəfəsində qüvvəyə minəcəyi gözlənilir.

Son məlumatlara görə, Yaponiyanın mərkəzi hissəsində yerləşən iki böyük şəhərdə koronavirusun yeni ştammları sürətlə yayılır. Bu barədə məlumat verən koronavirusla əlaqədar vəziyyətə cavabdeh olan iqtisadi bərpa naziri Nişimura Yasutoşi deyib: “Əgər biz ciddi addımlar atmasaq, koronavirusun daha təhlükəli variantlarının qarşısını ala bilməyəcəyik”.

Hökumətdəki mənbələrin bildirdiyinə görə, fövqəladə vəziyyət rejimi aprelin 25-də tətbiq olunacaq və mayın 11-dək davam edəcək.

Bu barədə qərarın planın parlamentə təqdimatından sonra işçi qrupun aprelin 23-də keçiriləcək iclasında rəsmi olaraq qəbul ediləcəyi gözlənilir. Həmin gün axşam isə Baş nazir Yoşihide Suqa detalları aydınlaşdırmaq üçün mətbuat konfransı keçirəcək.

Qərarın qəbulundən sonra hökumət həmin prefekturalardakı ictimai iaşə müəssisələrindən işi dayandırmağı xahiş edəcək. İctimai nəqliyyat vasitələrinin hərəkəti də ixtisara salınacaq.

Əlavə olaraq qeyd edilir ki, bir gün əvvəl Osakada ən çox sayda 1100-dən artıq gündəlik yoluxma qeydə alınıb. Həmin göstərici artıq 3 gündür ki, 1000-dən çoxdur.

Paytaxt Tokioda isə, həmin gün 861 yoluxma halı qeydə alınıb. Bildirilir ki, bu, ikinci fövqəladə vəziyyət rejiminin aradan qaldırılmasından sonra ən yüksək göstəricidir.


Create Account



Log In Your Account