May 08 2021 10:06
Elshad Aliyev
Views: 105

Yaponiyanın Fukuoka prefekturasının hakimiyyət orqanları bu regionda Olimpiya məşəli estafetinin keçirilməməsi barədə qərar qəbul edib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu prefekturada yalnız məşəlin ötürülməsi mərasimi keçiriləcək.

Qeyd edək ki, bu ərəfədə Yaponiyanın Okinava prefekturasında məşəl estafetinin təşkilatçıları koronovirus pandemiyasına görə Miyakocima şəhərində estafetin mərhələsinin təşkilini ləğv ediblər. Buna qədər isə, Yaponiyanın qərbində yerləşən Matsuyama dağ yollarında estafetin keçirilməsi ləğv olunub. Bir sıra regionlarda estafetin mərhələləri tamaşaçılarsız keçirilib.

Xatırladaq ki, Olimpiya məşəli festivalı Tokio Olimpiadasına dörd ay qalmış Fukuşima prefekturasında start götürüb. Ölkənin 47 prefekturasını əhatə edəcək estafetin 121 gün davam etməsi planlaşdırılıb. Bu tədbirdə ümumilikdə 10 min qaçışçının iştirakı gözlənilir.

Lakin estafet başladığı ilk gündən onun təşkilatçıları bir sıra çətinliklərlə qarşılaşıblar. Aprelin əvvəllərində ölkənin qərbində yerləşən Osaka prefekturasında koronovirus pandemiyasına görə çox gərgin vəziyyət qeydə alınıb. Nəticədə estafetin bu mərhələsinin şəhər parklarından birində, tamaşaçılar olmadan keçirilməsi qərara alınıb. Buna oxşar vəziyyət Kioto və Okinava prefekturalarında da yaranıb. Nəticədə təşkilatçılar tədbirin ənənəvi formatından imtina etməli olublar.

Oyunların təşkili ərəfəsində ölkə ictimaiyyəti pandemiyaya görə, böyük narahatlıq keçirir. Kyodo agentliyinin keçirdiyi sorğunun nəticələrində görə, respondentlərin 39,2 faizi Olimpiadanın tamamilə dayandırılmasını dəstəkləyib, 32,8 faizi isə onun daha bir il müddətinə təxirə salınmasına səs verib. Rəyi soruşulanların yalnız 24,5 faizi Oyunların keçirilməsinə razılığını bildirib.

Eyni zamanda, tanınmış ictimai-siyasi xadim Kenci Utsunomiyanın mayın 5-də “Change.org” platformasında Olimpiadanın əleyhinə başladığı petisiyaya artıq 200 mindən çox insan imza atıb.

Qeyd edək ki, pandemiyaya görə bir il müddətinə təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının cari il iyulun 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.


Create Account



Log In Your Account