Apr 13 2020 14:59
Elshad Aliyev
Views: 74

ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin məlumatlarına görə, koronavirus xəstələri olan xəstəxanalardakı hava nümunələri üzərində aparılan yeni araşdırmalardan virusun 4 metrə qədər hərəkət edə bilməsi bəlli olub.

AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticələri Amerika agentliyi tərəfindən nəşr olunan “Yeni yoluxucu xəstəliklər” jurnalında cümə günü çap edilib. Pekindəki Hərbi Tibb Akademiyasının tədqiqatçıları fevralın 19-dan martın 2-dək olan dövr ərzində Uxan şəhərində yerləşən xəstəxanadaki intensiv terapiya şöbələrində və koronavirus xəstələrinin yerləşdiyi şöbələrdə hava səthini və havanın nümunələrini sınaqdan keçiriblər.

Araşdırmanın nəticələrinə əsasən, virusun ən yüksək konsentrasiyaları döşəmələrdə, qapı tutacaqlarında, çarpayı məhəccərlərində, zibil qablarında və xəstələrin daha çox təmas etdiyi digər əşyalarda aşkarlanıb. “Bundan əlavə, intensiv terapiya şöbəsindəki tibb işçilərinin ayaqqabılarının altıdan götürülmüş nümunələrin yarısı müsbət nəticə göstərib. Beləliklə, tibb işçilərinin ayaqqabılarının alt hissəsi də virusun daşıyıcısı ola bilər”, - deyə hesabatda qeyd olunub.

Tədqiqatçılar həmçinin virus daşıyan aerozolların kiçik konsentrasiyalarının yoluxmuş şəxsin ətrafında 4 metrlik radiusda havada qaldığını müəyyən ediblər. Bu, tövsiyə olunan 2 metrlik distansiyanı iki dəfədən çox üstələyir. Hər halda, virusun aerozol vasitəsilə nə dərəcədə yoluxucu olması hələ məlum deyil. Amma bu baxımdan hava-damcı infeksiyası riskinin mövcudluğu ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika mərkəzlərində rəhbər tutulan yeni prinsiplərə, ictimai yerlərdə ağız və burnun örtülməsinə gətirib çıxarıb.

Hesabatda tədqiqatın müəllifləri onu da bildiriblər ki, qeyd olunan müddət ərzində xəstəxana işçilərinin heç birində yoluxma halı baş verməyib.


Create Account



Log In Your Account