Apr 12 2021 11:04
Elshad Aliyev
Views: 137

Sabirabad rayonunda suvarma işlərinin fasiləsiz və keyfiyyətli aparılması üçün Mexaniki Suvarma İdarəsi tərəfindən cari və əsaslı təmir işləri həyata keçirilir.

Sabirabad Mexaniki Suvarma İdarəsinin baş mühəndisi Vahid Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, idarə rayon ərazisində 36 min 712 hektar əkin sahəsinə xidmət göstərir. Suvarma işləri üçün Kür çayı üzərində yerləşən stasionar və üzən nasoslardan istifadə edilir. İşlərin həyata keçirilməsi üçün 60 ədəd stansiyada 126 ədəd nasos işləyir. Bunlardan 25 ədədi üzən hidrotexniki qurğudur.

Əkin sahələrinin su ilə təmin olunması üçün 1165 kilometr su kanalı mövcuddur. Bu kanalların 140 kilometri beton nov, 76 kilometri isə beton üzlüklüdür. Yaz əkin işləri ilə əlaqədar elektrik mühərrikli 2 qurğu əsaslı, 12-si isə cari təmir edilib. Bundan başqa, 3 su nasosu əsaslı, 26-sı cari təmir olunub. İlin əvvəlindən bəri 70 kilometr suvarma kanalı lildən təmizlənib. Həmçinin ötən ilin son 3 ayında 2,5 kilometr yeni nov kanal çəkilib və 1,2 kilometr uzunluğunda torpaq məcralı kanal beton üzlüyə alınıb. 90 ədəd hidrotexniki qurğu sazlanıb, 500 kilometrdən çox suvarma kanalı təmizlənib.

Fermer Ziyadxan Gözəlov söyləyir ki, Kür çayı üzərində yerləşən nasos stansiyaları suvarma üçün böyük əhəmiyyət daşıyır. Belə ki, üzən nasoslar su səviyyəsinə görə nizamlandığı üçün çətinliklər aradan qalxır. Sahələrin vaxtında suvarılması təmin edilir. Nəticədə isə bol məhsul əldə etmək olur.

Digər fermer Vüqar Gülmalıyev isə bildirir ki, suvarma işləri üçün yeni çəkilən beton nov kanal və torpaq məcralı kanalın beton üzlüyə alınması su itkisinin qarşısını alır və əkin sahələrinə suyun çatdırılması asanlaşır.

Sabirabad Mexaniki Suvarma İdarəsindən verilən məlumata görə, çay üzərində yerləşən hidrotexniki qurğular da saz vəziyyətdədir və kanallarda suyun axımı üçün lazımi tədbirlər görülüb.


Create Account



Log In Your Account