Feb 16 2017 17:59
Ulviyye Sabirqizi
Views: 1531

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda havaların dəyişməsi ilə əlaqədar yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə və piyadalara müraciət edib.

CBC xəbər verir ki, idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi xəbərə görə,havaların qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır:

“Yol polisi bunu nəzərə alaraq, sürücüləri ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırır. Şəxsi avtomobillərdən istifadə edənlərə bildiririk ki, sürücülər mövsümi şinlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Sürət həddini seçərkən hava şəraiti və yolun vəziyyəti nəzərə alınmalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə olunmalıdır.

Avtomobili hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürət qutusunun köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə edilməli, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanması və onların aydın şəkildə görünməsi təmin olunmalı, işıq cihazlarının görünməsi təmin edilməlidir.

Yollarda sürüşmə ehtimalı nəzərə alınaraq piyadalardan xahiş edilir ki, yolların hərəkət hissəsinə çıxmasınlar, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçsinlər, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etsinlər, valideynlər azyaşlı uşaqların qapalı şəraitdə olmasına diqqət yetirsinlər. Sürücü və piyadalar hava şəraitindən asılı olmayaraq, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə ciddi əməl etməlidirlər. Bununla onlar öz təhlükəsizliklərini təmin etmiş olurlar”.

 


Create Account



Log In Your Account