Jul 26 2019 16:35
Ferah Sabirqizi
Views: 97
 
Yumurta nəinki ölkəmizdə, ümumiyyətlə bütün dünyada ən çox istehlak edilən məhsullardan biridir. Bu məhsulun zəngin tərkibi və çoxlu faydaları olması ilə yanaşı, qiymətinin ucuz olması onu daha cəlbedici edir. 
 
Lakin hazırda satış məkanlarında təzə yumurta əldə etmək çox çətindir. Çünki bir çox satış məntəqələrində yumurtanın saxlanmasına düzgün əməl olunmur. Çox zaman tez xarab olan bu məhsul mağazalarda soyuducuda deyil, açıq şəraitdə saxlanılır. 
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mütəmadi olaraq yumurtanın təhlükəsizlik göstəriciləri yoxlanyır. Məhsullar həmin parametrlərə görə müayinə olunur. Yumurta istehsalı sahələrində məhsul mütləq baytar həkimi tərəfindən yoxlanmalı və çeşidlənməlidir. Mütləq lax yumurtalar yığılmalıdır. Üzərində qan ləkələri olan yumurtalar da seçilməlidir. Bundan sonra məhsulun sağlam olması ilə bağlı möhür vurulmalıdır. 
 
AQTA ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.
 
Monitorinqlər zamanı bu günlərdə Abşeron rayonu, Hökməli qəsəbəsi, «At yalı» adlanan ərazidə fəaliyyət göstərən fiziki şəxs Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsinə baxış keçirilib. Baxış keçirilərkən 108000 ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.
Qanunvericiliyə uyğun olaraq, Agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.
 
Xarab yumurta insan sağlamlığına ciddi ziyan vura bilər. Əvvəllər belə hesab olunurdu ki, yumurta orqanizmdə xolesterinin səviyyəsini qaldırır və bu məhsulu tez-tez yemək olmaz. Lakin aparılmış son araşdırmalar bunu təkzib edib. Hazırda belə hesab olunur ki, gündə 1 yumurta yemək orqanizmə nəinki ziyan vurmur, əksinə fayda verir - ürək-damar sistemi xəstəliklərinin və həmçinin qaraciyər xərçənginin riskini azaldır. Nəzərə almaq lazımdır ki, yumurtanı qızardılmış deyil, bişmiş şəkildə yemək lazımdır.
 
Yumurtanın təzə və köhnəliyini müəyyən etmək üçün onu günə tutmaq olar. Yaxud, yumurtanı alanda qulağa yaxınlaşdırıb çalxalamaq lazımdır. Əgər yumurtanın içərisində maye tərpənirsə, belə yumurtanı almaq olmaz. 
 
Yumurtanı soyuducunun qapısında saxlamayın
 
Yumurtanın tərkibində olan faydalı maddələri qorumaq üçün onu düzgün şəkildə saxlamaq lazımdır:
 
1.Yumurtanı soyuducunun qapısında deyil, soyuducunun orta rəfində saxlamaq lazımdır. Çünki qapı tez-tez açılır və isti soyuq hava axını yumurtaları vaxtından əvvəl sıradan çıxarır.
 
2. Yumurtanın qabığı məsaməli olduğundan yumurta istənilən qoxuları özünə hopdurur. Bu səbəbdən yumurtanı kəskin iyli məhsullarla bir yerdə saxlamaq olmaz.
 
3. Yumurtanın uzun müddət təzə qalması üçün onu iti ucu aşağı olmaqla soyuducuda saxlamaq lazımdır.
 
4. Yumurtanı yalnız istifadə etdikdən əvvəl yumaq lazımdır. Yumurtanı qabaqcadan yuyub saxlamaq olmaz, bu halda yumurta daha tez xarab olur.
 
5. Yumurtanı istehsal etdikdən sonra 25 gün ərzində saxlamaq olar. İstehsal tarixi yumurtanın və ya qablaşdırmanın üzərində qeyd olunur. 
 
6.Bişmiş yumurtanı 2 gündən, çatlamış yumurtanı 1 gündən çox saxlamaq olmaz.
 
7.Yaxşı olar ki, yumurtanı satıldığı karton qabından ayırmayasınız. Çünki o material nəmi, qoxunu özünə çəkir. Yumurtanı elə bu konteynerdə soyuducunun orta rəfinə arxa hissəyə qoyun. Beləcə onun ömrünü üstündəki tarixdən daha 2 həftə çox uzada bilərsiz.
 
Məlum olduğu kimi, soyuducu daxilində də nəmlik əmələ gəlir. Belə olan halda yumurtada da nəmlik yaranır. Lakin soyuducunun içində nəm mühit olsa da, mühitin soyuqluğu kif hüceyrələrinin inkişafının qarşısını alır. Əgər nəm mühitdə və 10 dərəcədən yuxarı temperaturada istənilən məhsul saxlansa, tez bir zamanda kif göbələklərinin yaranması üçün şərait yaranacaq. 
 
Yalnız qış aylarında yumurtanı soyuducudan kənarda saxlamaq olar. Amma məhsulun saxlandığı məkanın quru olması mütləqdir.  Bizim mağazalarda yumurta daha çox soyuducudan kənarda saxlanılır ki, bu da qanundankənar haldır. 
 
Qaz yumurtasını yemək olmaz
 
Qeyd edək ki, suda üzən quşların yumurtasından istifadə etmək qadağandır. Məsələn, qaz, ördək yumurtası bu qrupa daxildir. Bu qadağa xüsusilə salmanellozlardan qorunmaq üçün tətbiq edilib. Bildirçin yumurtaları satışa verilib ki, bunlar da eynilə toyuq yumurtası kimi yoxlamalardan keçdikdən sonra satışa buraxıla bilər. 
 
Ümumiyyətlə, yumurtanın keyfiyyəti toyuğun yemindən birbaşa asılıdır. Eyni zamanda, yumurtanın vəziyyəti toyuğun sağlamlığına çox bağlıdır.  
 
Kənd yumurtasından daha çox şikayət var 
 
Təəssüf ki, bəzən istehlakçıları aldadıb broyler yumurtalarını da kənd yumurtası adı altında satırlar. Ümumiyyətlə, mağazadakı yumurtanın xaricdən gətirildiyi və yaxud yerli istehsal olduğu da bilinmir. Ekspertlər bildirirlər ki, yaz ayları başlayanda bazarda çoxlu miqdarda keyfiyyətsiz yumurta olur. Səbəbi də odur ki, əhali broylerlərə onlara  cücə çıxarılmaları üçün yumurta veririr. Təxminən bir həftədən sonra həmin yumurtadan cücənin çıxıb və ya çıxmayacağı məlum olur.  Nəticədə cücə çıxmayan yumurtalar inkubatordan çıxarılır və yiyəsinə verilir. Yumurtanın yiyəsi bu malı bazara çıxarır və kənd yumurtası adı altında nisbətən də baha qiymətə istehlakçıya satır.  Belə yumurtanın sarısı  artıq ağına qarışmış vəziyyətdə olur. Elə buna görə də adətən istehlakçılar daha çox kənd yumurtasından şikayət edirlər. Çünki kənddə yumurtanı necə gəldi saxlayırlar və nəticədə məhsulun sarısı ağına qarışmış vəziyyətdə olur. 
 
Odur ki, mağazadan və yaxud birbaşa insanlardan yumurta alanda ehtiyatlı olmaq, yuxarıda göstərilən qaydalara əməl etmək lazımdır. 
 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.   
 

Create Account



Log In Your Account