Feb 15 2017 11:31
Ulviyye Sabirqizi
Views: 1370

Yunanıstanın yarım milyon müsəlmanı Afinada özlərinə məxsus məsciddə ibadət edə biləcəklər. İndiyədək onlar müxtəlif yerlərdə dini ayinləri icra ediblər. Bunlardan biri köhnə evin zirzəmisindəki “Al-salam” məscididir.

Yunanıstan müsəlman assosiasiyasının nümayəndəsi Anna Stamu deyir ki, yaşlı nəsil artıq bu vəziyyətlə barışıb:

“Biz hələ də bu cür yerlərdə ibadət etməyə dözürük. Bizim uşaqlarımız isə yunanlar kimi yaşayırlar, ibadət etmək istəyəndə bu nəmişliyə düşməyə məcburdurlar”.

Yunanıstan müstəqillik qazanandan sonra, 1832-ci ildən bəri Afinada rəsmi məscid olmayıb. Məscidin tikilməsi ideyası hələ 19-cu əsrin sonlarında mövcud olsa da, indiyədək reallaşdırmaq mümkün olmayıb. Yalnız ötən il ölkə hökuməti və parlamenti layihənin həyata keçirilməsi üçün “yaşıl işıq” yandırıb. Məscidin tikintisinin apreldə yekunlaşacağı gözlənilir. Millətçi İstiqlal Partiyasının millət vəkilləri bu təşəbbüsü dəstəkləməyiblər.

Pravoslav ruhanilər isə, məscidin tikintisinə qarşı çıxıblar. Amma rəsmi olaraq kilsə buna dözümlülük nümayiş etdirib.

İqnatiy Dimitriados, keşiş: “Heç kim insanların ibadət etmək hüququna qarışa bilməz. Amma dövlətin müəyyən etdiyi mövcud qaydalara riayət etmək lazımdır. Əgər hər şey düzgün həyata keçirilsə, mən heç bir problem görmürəm”.

Məscidin tikintisi üçün ayrılan yer bir neçə dəfə dəyişdirilib. Tikinti üçün ayrılan büdcə isə zaman-zaman azaldılıb və indi milyon avrodan azdır. 350 mömin üçün nəzərdə tutulan məscidin minarəsi olmayacaq.
Anna Stamu, Yunanıstan Müsəlman Assosiasiyasının nümayəndəsi: “Bu proses qaynar kartofa bənzəyir, hansı ki, soyuyana kimi hakimiyyət bir-birinin üstünə atır”.

“Qızıl Şəfəq” partiyasının tərəfdarları isə, məscidin tikilməsinə qarşı kampaniya keçirirlər. Onlar ötən il məscidin inşa olunacağı bir necə ərazini blokada ediblər.

 


Create Account



Log In Your Account