Jun 06 2018 15:28
Ferah Sabirqizi
Views: 1004

“Yura dövrünün dünyası 2” bədii filmi Bakı tamaşaçısına təqdim olunub. Dünya premyerasından iki gün əvvəl, “Park Cinema” kinoteatr şəbəkəsi filmin qapalı nümayişini keçirib.  

Film tamaşaçılara yüksək keyfiyyətli Azərbaycan dublyajı ilə təqdim olunub.  Lakin bu ekran əsəri təkcə Azərbaycan dilində deyil, həmçinin ingilis və rus dillərində göstəriləcək. Eyni zamanda, möhtəşəm İMAX formatında və bir o qədər maraqlı Laser formatında nümayiş olunacaq. Bundan əlavə, sözügedən ekran işi 2D və 3D formatlarında da mövcüddur. Odur ki, “Yura dövrünün dünyası 2” filminə “Park Cinema”-da istədiyiniz dildə və sevdiyiniz formatda baxa bilərsiniz.

Qeyd edək ki, filmin premyerası 1993-cü ildə rejissor Stiven Spilberq tərəfindən çəkilmiş “Yura dövrünün parkı” filminin 25 illik yubileyinə həsr olunub. Filmin rejissoru Xuan Antonio Bayonadır. Baş rolları tanınmış aktyorlar Kris Pratt, Brüs Dallas Hovard, Geraldin Çaplin, Tobi Cons oynayır.

Süjet xəttinə gəlincə, dinozavrların əyləncə parkının, eləcə də Yura dövrünün parkının məhvindən dörd il keçib. İnsanlar adanı tərk ediblər və kompleksin keçmiş sakinləri cəngəllikdə ölməmək üçün mübarizə aparırlar. Vulkanın püskürməsindən xəbər tutub, Pratt və Hovardın qəhrəmanları dinozavrları xilas etmək qərarına gəlirlər. Ancaq adada zalım planları ilə bütün insanlığa təhlükə yaradan sirli bir təşkilat aşkar olunur.

Yeri gəlmişkən, 2015-ci ildə ekranlara çıxan “Yura dünyasının dünyası” filmi, “Yura dövrünün parkı”-nın rekordunu qıra bilmişdi və ilk həftədə istehsalçısına 511 milyon dollar qazandırmışdı. Rejissor Xuan Antonio Bayona filmin üç hissədən ibarət olacağını söyləmişdi. Ekranlara yeni çıxan ikinci hissənin də böyük tamaşaçı auditoriyası toplayacağı gözlənilir. Üçüncü filmin süjeti haqqında hələ ki, məlumat verilmir.

 “Park Cinema” – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə “Park Bulvar”, “Metro Park”, “Zagulba Mall” ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu “Flame Towers”, həmçinin Masallı, Quba və Mingəçevirdə yerləşən regional kinoteatrlar daxildir.


Create Account



Log In Your Account