Mar 15 2021 14:43
Elshad Aliyev
Views: 160

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddəki “Turan” Kitabxana-İnformasiya Mərkəzində “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı guşənin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin, Yazıçılar Birliyinin rəhbərliyi, yerli azərbaycanlılar və jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, 100 ildən çox tarixi olan mərkəzdə yaradılan Qarabağ guşəsində diyarın mədəni irsi, abidələrin maketi, milli xalçalar, hər iki ölkənin xəritələri, suvenirlər, Qarabağa dair çoxsaylı nəşrlər, milli musiqi alətləri, fotolar nümayiş etdirilir. Azərbaycan xalqının əsrlərlə bu diyarda yaratdığı böyük mədəniyyət, ədəbiyyat, musiqi haqqındakı stendlər daimi sərgilənəcək.

Guşədə tanınmış qarabağlıların fotoları, Mədəniyyət Mərkəzinin əl işləri, dərnəyin şagirdlərinin hazırladığı “Xarı bülbül” pannosu da təqdim olunub.

Qeyd edilib ki, Xarı bülbül çiçəyi dünyada yalnız Qarabağda, Şuşada yetişir. Vətən müharibəsi illərində şəhidlərin əziz xatirəsinin anma gününə həsr olunan və bu məqsədlə hazırlanan “Xarı bülbül” pannosunun mənası barədə məlumat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Mərkəzin direktoru Dildora Abduazizova tədbirin açılış mərasimində Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinin çoxəsrlik tarixi olduğunu, eyni soykökü, mədəniyyət, adət və ənənələri paylaşan xalqlarımızın müstəqillik illərində də əlaqələrinin yüksək səviyyəyə çatdığını qeyd edib.

Azərbaycan mədəniyyətini Özbəkistanda geniş təbliğ edən AMM tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirən Dildora Abduazizova yaradılan guşənin daimi olaraq dostluğumuzu, Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini nümayiş etdirəcəyini bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan və Azərbaycan arasında dostluğun daim yüksək səviyyədə olduğunu, dövlətlərimiz arasında bu münasibətlərin qurulmasında ulu öndər Heydər Əliyevin rolunu vurğulayıb. O, Qarabağın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışaraq bu ərazilərin 28 il əvvəl Ermənistan tərəfindən işğalı, milli-mədəni irsimizin talan və məhv edilməsini əsl vandalizm adlandırıb. S.Abbasov Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Vətən torpaqlarını azad etdiyini söyləyib, Qarabağın dirçəlişi, aparılacaq yenidənqurma işləri və keçiriləcək böyük mədəniyyət tədbirləri haqqında məlumat verib.

AMM-in direktoru Qarabağın mərkəzi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhəri haqqında danışaraq təkcə bir şəhərdə 248-dən artıq tarixi abidənin mövcud olduğunu söyləyib. O, Şuşanın əhəmiyyəti ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevdən sitat gətirrib: “Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir“.

O, “Qafqazın konservatoriyası” adlanan Şuşanın Azərbaycan musiqisinin, muğamın, aşıq sənətinin inkişafı və məşhurlaşmasında əhəmiyyətini qeyd edib, Qafqazda ilk teatr tamaşaları, Avropa və Şərq konsertləri, nəşriyyat, kitabxana, real məktəb və seminariyaların Şuşada yaradıldığını bildirib.

Özbəkistan Mədəniyyət nazirinin köməkçisi Marufjon Yuldaşev tarixi dostluq, iki ölkə arasında yüksək səviyyəli əlaqələr və dövlət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərdə yeni imkanlar açdığını qeyd edib. O, Azərbaycan mədəniyyətinə Özbəkistanda böyük maraq olduğunu vurğulayaraq Mədəniyyət Mərkəzinin Özbəkistanın müxtəlif şəhərlərində Azərbaycan mərkəzləri, guşələri yaratdığını və bu ocaqların ölkələrimiz arasında dostluq əlaqələrini daha da möhkəmləndirdiyini bildirib.

M. Yuldaşev Azərbaycan tarixinin qədimliyini, qardaş ölkənin zəngin mədəniyyətə, ədəbi ənənələrə malik olduğunu vurğulayaraq yaradılan guşənin əhəmiyyətindən danışıb, Mədəniyyət Mərkəzinin “Turan” kitabxanasına Azərbaycana dair nəşrlərin hədiyyə edildiyini yüksək qiymətləndirib.

Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini Gayrat Majid iki ölkə arasında ədəbi əlaqələr, 2021-ci il Azərbaycanda “Nizamı Gəncəvi İli” çərçivəsində Mədəniyyət Mərkəzi ilə birgə reallaşdırılacaq layihələrdən danışıb. Qarabağın Molla Pənah Vaqif, Xurşud Banu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi adamların Vətəni olduğunu bildirib.

Sonra 2017-ci ildə AMM-in layihəsi ilə hazırlanan “Azərbaycan, Qarabağ, Sülh və Qələbə üçün oxu” musiqi layihəsi nümayiş olunub. Musiqi klipində 30 dan çox gənc özbək musiqiçi Qarabağa dair musiqilər ifa ediblər.

Özbəkistan Mədəniyyət və Sənət Universitetinin tələbələri Qarabağ şikəstəsinin sədaları altında Mədəniyyət Mərkəzinin milli libaslar kolleksiyasını, Qarabağın tarixi geyimlərini nümayiş etdiriblər.

Tədbirdə Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” ansamblının üzvləri milli rəqslərimizi, tələbələr isə “Arşın mal alan” operettasından parçalar ifa edib.

S.Abbasov “Azərbaycan xalçaları Qarabağ qrupu” kitabını “Turon” kitabxanasına hədiyyə edib.

Xatırladırıq ki, iki il əvvəl Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə ”Turan” Kitabxana-İnformasiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 


Create Account



Log In Your Account