Mar 10 2020 10:30
Elshad Aliyev
Views: 33

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiya və Azərbaycan ilə ikitərəfli investisiya və ticarət-iqtisadi sahədə əməkdaşlığın inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirib.

AZƏRTAC xəbər verir ki, Özbəkistanın dövlət başçısı son illərdə bu ölkələrlə qarşılıqlı ticarətin və investisiyaların göstəricilərinin durmadan artdığını bildirib. Şavkat Mirziyoyev vurğulayıb ki, 2019-cu ilin nəticələrinə görə, Rusiya ilə mal mübadiləsi 2018-ci illə müqayisədə 17 faiz artaraq 6,6 milyard dollar təşkil edib. Azərbaycanla ikitərəfli ticarətin həcmi isə 55,7 faiz çoxalıb.

Prezident deyib ki, investisiya sahəsində də əməkdaşlıq möhkəmlənir. Keçən il Rusiyanın Özbəkistana qoyduğu sərmayə ilə 484 yeni müəssisə açılıb, hazırda belə müəssisələrin sayı 1828-ə çatıb. Ölkədə Azərbaycan kapitalı ilə fəaliyyət göstərən 178 müəssisə var.

Müşavirədə mövcud layihələrin icrasının keyfiyyətinin artıırılmasına, bu ölkələrlə sərmayə, ticarət, nəqliyyat-loqistika sahələrində ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirilib. Belə ki, rusiyalı tərəfdaşlarla 7,3 milyard dollar həcmində müxtəlif layihələr həyata keçiriləcək ki, bu da 3,5 min iş yerinin açılması deməkdir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan tərəfi ilə sənaye kooperasiyası yaradılması nəticəsində 335 milyon dollar həcmində layihələr həyata keçiriləcək. Yüngül avtomobillərin və avtobusların yığılması, neft-qaz sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Şavkat Mirziyoyev deyib ki, martın ikinci ongünlüyündə Özbəkistatn-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək.

Prezident Rusiya və Azərbaycanın aparıcı şirkətləri və təşkilatları ilə ticarət və investisiya fəaliyyətini yaxşılaşdırmağı, bu sahələrdə əməkdaşlığın yeni istiqamətlərində əlaqələrin dərinləşdirilməsini qeyd edib.

Dövlət başçısı Azərbaycanla neft-qaz, nəqliyyat-loqistika, aqrar sənaye, üzümçülük, şərabçılıq, zərgərlik, həmçinin təhsil sahələrində yeni layihələrin həyata keçirilməsinin vacibliyini nəzərə çatdırıb.

İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq nazirlik və idarələrin hesabatları dinlənilib, konkret vəzifələrin yerinə yetirilməsi istiqamətində gələcək tədbirlər müəyyənləşdirilib.

 


Create Account



Log In Your Account