Sep 06 2017 16:42
Ferah Sabirqizi
Views: 103

İyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndində 2 yaşlı balaca Zəhranın və nənəsinin həyatına son qoyan mərmi parçası Milli Azərbaycan Tarixi Muzeyinə verilib. Erməni vəhşiliyini əks etdirən bu eksponatı muzeyə Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı Nazim Vəlişov təqdim edib.

“Bir füzulili kimi, bir qarabağlı kimi bu hadisə məni də çox təsirləndirdi. Və mən eşidəndə ki, hansı minatanlardan öldürülüb, qət elədim ki, onu ilk növbədə bizim AMEA Azərbaycan Tarix Muzeyinə təqdim etmək lazımdır. Və yoldaşlarla ezam olunduq ora”.

Erməni silahlı qüvvələri tərəfindən öz həyətində qətlə yetirilən balaca Zəhra Quliyevanın valideynləri mərmi parçasının Bakıya gətirilməsinə və muzeydə saxlanılmasına etiraz etməyiblər. Erməni qəddarlığının sübutu olan bu eksponat artıq muzey guşəsində yer alıb.

“Valideynlərinə də dedim ki, bu Tarix Muzeyində olmalıdır. Çünki bizim Bakımıza dünyanın müxtəlif ölkələrindən qonaqlar gəlir və ilk növbədə onlar Tarix Muzeyində olurlar. Bu da bizim üçün qiymətli, həm də çox yaralı bir eksponat kimi orada nümayiş olunsa, yüzlərlə, minlərlə, milyonlarla insan biləcək ki, 2 yaşında günahsız bir körpə həmin bu mərmidən dünyasını dəyişib”.

Muzey əməkdaşları əmindirlər ki, yeni eksponat bura gələn çoxsaylı turistlərin də diqqətini çəkəcək. Hər gün Milli Tarix Muzeyini ziyarət edən əcnəbi qonaqlar Qarabağ guşəsinə xüsusi maraq göstərirlər. Bu mərmi parçası erməni vandalizmi haqqında onlarda daha dolğun təəssürat yaradacaq.

Muzeyin direktor müavini Məhfuzə Zeynalova bu eksponatı çox maraqlı bir tapıntı adlandırır:  “Dogrudan da, ermənilərin bu vəhşi hərəkətlərinin sübutu olaraq, muzeydə qalmağı çox vacibdir. Bizim üçün dəyərli bir eksponatdır. Eksponat bizim tədbirlərimizdə - Qarabağla, Xocalı ilə bağlı tədbirlərdə nümayiş olunacaq. Bəlkə də gələcəkdə bizim daimi ekspozisiyamızda da öz yerini tutacaq”.

Yeni eksponatla tanış olmaq üçün  Bakı Dövlət Universitetinin tarix fakultəsinin, eləcə də digər ali təhsil ocaqlarının tələbələrinin muzeyə ziyarətinin də təşkili nəzərdə tutulur.


Create Account



Log In Your Account