Feb 08 2019 11:59
Ferah Sabirqizi
Views: 200

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları İsmayıllı və Ağsu rayonlarında fevralın 5-də baş vermiş zəlzələlərlə bağlı seysmoloji tədqiqatları davam etdirirlər.

Mərkəzin informasiya şöbəsindən bildiriblər ki, tədqiqatlar nəticəsində Şamaxı rayonunun ərazisində sürüşmə faktı aşkarlanıb. Belə ki, rayon ərazisindəki Qızmeydan yolunun kənarında sürüşmə sahələrində aktivlik müşahidə olunub. Aşkarlanan birinci sürüşmə sahəsinin yanında asfalt yolun üzərində 5-10 millimetrlik çatlar yaranıb. Bundan başqa, yolun kənarında 15-25 millimetrlik çökmə və sürüşmə prosesi müşahidə edilib.

Yolun ikinci hissəsindəki sürüşmə sahəsində asfalt üzərində 5-10 millimetrlik çatlar, yol kənarında isə 20-30 santimetrlik aralanma qeydə alınıb. Həmçinin Ağsu aşırımında yolun 154-cü kilometrinə qədər hissəsində çatlar və çökmələr müşahidə olunub.

Bununla yanaşı, mərkəzin əməkdaşları ayrı-ayrı qruplarda zəlzələnin episentrində gərginliyin öyrənilməsi ilə bağlı kompleks tədqiqatları davam etdirirlər. Hazırda müxtəlif istiqamətlərdə profillər üzrə seysmik və geofiziki tədqiqatlar aparılır.

Aparılan araşdırmalarla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.


Create Account



Log In Your Account